Azərbaycan şahmatçıları Kapablankanın xatirə turnirinə qatılacaq
Azərbaycan və Kuba Şahmat Federasiyaları arasında əməkdaşlıqla bağlı anlaşma memorandumu imzalanıb. Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən SportLine.az saytına verilən məlumata görə, imzalanma mərasimində ilk olaraq Kuba Şahmat Federasiyasının vitse-prezidenti Karlos Rivera Qonzales çıxış edib.
O bildirib ki, əməkdaşlıq memorandumu hər iki ölkədə şahmatın inkişafına müsbət təsir göstərəcək: “Bu, çox fəxredici məqamdı. Biz 2 federasiya arasında memorandum imzalanmasından qürur duyuruq. Hazırda çox gözəl şəhərdə, möhtəşəm bir yarışdayıq. Dəvət üçün Kuba Şahmat Federasiyası adından sizlərə təşəkkür edirəm. Biz bu əməkdaşlıqda çox maraqlıyıq. Çünki memorandum hər iki ölkədə şahmatın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Fəxrlə bəyan edə bilərəm ki, Xose Raul Kapablankanın xatirəsinə həsr olunmuş növbəti yarışda azərbaycanlı şahmatçı da iştirak edəcək. Onun bütün xərclərini Kuba Şahmat Federasiyası qarşılayacaq”.
Ardınca söz Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədova verilib.
Məmmədov əməkdaşlıq memorandumunun Azərbaycan şahmatı üçün faydalı olacağını söyləyib: “Bundan öncə də müəyyən yazışmalar aparılmışdı. Yekunda qərara gəldik ki, əməkdaşlıq memorandumuna imza ataq. Bu, gələcək əməkdaşlığa zəmin yaradır. Kuba şahmat xəritəsində ən sevimli, görkəmli ölkələrdən biridi. 3-cü dünya çempionu Xose Raul Kapablankanın vətənidi. Şahmatçılarımız daha əvvəl də Kuba ərazisində keçirilən yarışlarda iştirak ediblər. Ümidvaram ki, bundan sonra da orada baş tutacaq turnirlərə qatılacaqlar. İndinin özündə də Kuba şahmat məktəbi çox məşhurdu. Kuba ilə əməkdaşlıq bizim üçün şərəfdi”.
Ardınca tərəflər arasında memorandum imzalanıb. Anlaşmanı Azərbaycan tərəfdən Mahir Məmmədov, Kuba tərəfdən isə Karlos Rivera Qonzales imzalayıb.