Azərbaycanın II Liqasında 12 komanda iştirak edəcək

Azərbaycanın II Liqasında 12 komanda iştirak edəcək.

Sportline.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

“Qusar” komandası rəsmi müraciətə və dəfələrlə olan xatırlatmalara baxmayaraq, 2025/2026 mövsümündə iştirakını təsdiqləmədiyinə, eyni zamanda II Liqanın 2024/2025 mövsümündə komandanın oyunlarında dəfələrlə təkrarlanmış neqativ hallar (sistematik şəkildə Əsasnamə tələblərinin pozulması) nəzərə alınaraq çempionatdan kənarlaşdırılıb.

İdman prinsipləri rəhbər tutularaq Qusar təmsilçisini II Liqada ötən il Region Liqasında 3-cü yeri tutmuş “Ağstafa Gəncləri” komandası əvəzləyəcək.

Peşəkar Futbol Liqası AFFA ilə məsləhətləşmələrdən sonra Region Liqasının potensialını, eləcə də komandaların II Liqaya marağını nəzərə alaraq, turnirin formatında dəyişiklik edib. Belə ki, 2025/2026 mövsümündə II Liqada yarışın qalibi birbaşa I Liqaya yüksələcək, 2-ci yerin sahibi isə I Liqada 9-cu yeri tutmuş komanda ilə 1 oyundan ibarət pley-off mərhələsində üz-üzə gələcək.

Region Liqasından isə II Liqaya 3 komandanın yüksəlmək şansı olacaq. Belə ki, Region Liqasında 1-ci yerin sahibi birbaşa II Liqaya vəsiqə qazanacaq, 2-ci və 3-cü yerlərin sahibləri müvafiq olaraq II Liqada 11-ci və 10-cu yerləri tutmuş komandalarla 1 oyundan ibarət pley-off oyunu keçirəcəklər.

2025/2026 mövsümü II Liqada 27 turdan ibarət olacaq. Komandalar ilkin olaraq 2 dövrədən ibarət 22 turda, daha sonra 5 turdan ibarət "altılıq" sistemində yarışacaqlar.

II Liqa üçün nəzərdə tutulmuş maliyyə 12 klub arasında bərabər bölünəcək.

Qeyd edək ki, II Liqada 2025/2026 mövsümü sentyabrın 6-da başlayacaq.