Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə başlayıb

İspaniyanın Alikante şəhərində gənc boksçular arasında dünya çempionatına start verilib.

Azərbaycan Boks Federasiyasından Sportline.az saytına verilən məlumata görə, mundialın ilk günündə millinin 2 üzvü mərhələ adlayıb.

Sənan Hətəmov (67 kq) Neri Kanaviri (Boliviya) ilə qarşılaşıb. 1/32 final mərhələsində baş tutan görüş Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb. O, rəqibini tam üstünlüklə məğlub edib. Hətəmov növbəti döyüşündə ilk mərhələdən azad olan kanadalı Yakub Blaislə üz-üzə gələcək.

Mehparə Məmmədova (48 kq) da rinqdən qalib ayrılıb. 1/16 final mərhələsində Lyuba Atanasova (Bolqarıstan) ilə döyüşən idmançı rəqibinin üçüncü raundda diskvalifikasiya olunması səbəbindən növbəti görüşə vəsiqə qazanıb. Məmmədova ikinci cəhdində monqolustanlı Saruul Batsayxanla qüvvəsini sınayacaq.

Tural Sarıyev (48 kq) Titivat Flonqauraiyə (Tayland), Rza Rzazadə (75 kq) Antonio Leyvaya (Argentina) məğlub olaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, dünya çempionatında bu gün yığmanın daha 2 boksçusu mübarizəyə qoşulacaq. Kamil Babayev (54 kq) Riçard Erazo Çaçanı (Ekvador), Aysu Dərvişova (57 kq) Quadalupe Peresi (ABŞ) sınağa çəkəcək.