Bakı-2016: Azərbaycan Yunanıstanla qarşılaşacaq
Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında VI turun təqvimi müəyyənləşib.
SportLine.az xəbər verir ki, sentyabrın 8-də kişilərdən ibarət əsas millimiz Yunanıstanla qarşılaşacaq. İkinci komandamız Rumıniyanı sınağa çəkəcəyi halda, üçüncü yığmamız Qana ilə üz-üzə gələcək.
Favoritlərdən Hindistan Hollandiya ilə, ABŞ Ukrayna ilə, Rusiya Almaniya ilə, Çin Argentina ilə, Gürcüstan Çexiya ilə qarşılaşacaq.
5 turdan sonra kişilərdən ibarət əsas millimiz 8 xalla 9-cu pillədə qərarlaşıb. Eyni xala malik ikinci komandamız 11-ci, 4 xalla üçüncü yığmamız isə 99-cudur.
Turnir cədvəlinə maksimum nəticə göstərən Hollandiya, Ukrayna və Hindistan milliləri başçılıq edir.
Qadınlardan ibarət əsas yığmamızın VI turdakı rəqibi Gürcüstandır. İkinci millimiz Çexiyanı, üçüncü komandamız isə Çilini sınağa çəkəcək.
Qadınların yarışında qarşıdakı turda əsas diqqətlər Ukrayna - Rusiya görüşünə yönələcək. Favoritlərdən Çin Rumıniya ilə, Hindistan Latviya ilə, ABŞ Türkiyə ilə, Polşa Vyetnamla görüşəcək.
Qadınlardan ibarət əsas millimiz 5 turdan sonra 9 xalla beşinci pillədədir. İkinci komandamız 6 xalla 39-cu, üçüncü yığmamız isə 5 xalla 61-ci yeri tutur.
Xanımların mübarizəsində 5 turdan sonra maksimum nəticə göstərən Ukrayna və Rusiya yığmaları ilk 2 yeri bölüşdürürlər. Əsas millimiz kimi 9 xal toplayan Rumıniya üçüncü, Çin dördüncüdür.
Qeyd edək ki, sentyabrın 7-də olimpiadada istirahət günüdür.