"Bakı Şahmat Olimpiadası ölkələrin sayına görə rekorda imza atacaq"
Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov mətbuat xidmətinin suallarına cavab verib.
- Bakı Şahmat Olimpiadasının başlanmasına az vaxt qalır. Mötəbər yarışa hazırlıq işləri hansı mərhələdədir?
- Bakı Şahmat Olimpiadasına hazırlıq işlərini ölkə prezidenti İlham Əliyevin sərəncamı əsasında yaradılan Təşkilat Komitəsi həyata keçirir. Təşkilat Komitəsinə Baş nazirin birinci müavini Yaqub Eyyubov rəhbərlik edir. Təşkilat Komitəsinin nəzdində fəaliyyət göstərən Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi hazırda gərgin iş prosesindədir. Komitə həm beynəlxalq şahmat qurumlarıyla, iştirakçı ölkələrlə əlaqə saxlayır, həm də ölkə daxilində yarışın keçirilməsinə aiddiyyatı olan təşkilatlarla birgə çalışır. Əməliyyat Komitəsinin əsas ofisi ötən il ilk Avropa Oyunlarının yerləşdiyi binadadır. Digər ofisimiz Şahmat Olimpiadasının keçiriləcəyi Bakı Kristal Zalında yerləşir. Orada yarışın keçirilməsiylə əlaqədar xüsusi komanda işləyir.
- Bakı Şahmat Olimpiadasında neçə ölkənin iştirak gözlənilir?
- FİDE hər zaman olimpiadalarda iştirakçı ölkələrin sayının artmasına - rekord olmasına çalışır. Bizim olimpiadada rekord rəqəm əldə olunacaq. Bundan əvvəlki Norveçdə keçirilən olimpiadada 172 ölkə iştirak edib. Bakıda 180 ölkə təmsil olunacaq. Qeydiyyat davam edir, ona görə də ölkələrin sayının artması mümkündür. Beynəlxalq Şahmat Federasiyası - FİDE-nin 189 üzvü var. Faktiki biz maksimum saya nail olmağa yaxınlaşırıq. Bakıdakı olimpiada iştirakçı ölkələrin sayına görə yeni rekorda imza atacaq.
- Olimpiadanın açılışıyla bağlı danışaq. Tamaşaçıları mərasimdə hansı sürprizlər gözləyir...
- Olimpiadanın açılış və bağlanış mərasimlərinə hazırlıq davam edir. Bağlanış adətən texniki xarakter daşıyır. Açılışda isə təşkilatçı ölkənin tarixi, idmana bağlılığı, olimpiada barədə müəyyən məqamlar nümayiş olunacaq. Hazırda ssenari üzərində iş gedir. Mərasim Milli Gimnastika Arenasında olacaq. Açılış mərasimində 2500-2600 tamaşaçının iştirakı gözlənilir. Bütün incəlikləri söyləmək istəməzdim, çünki açılış mərasimi canlı yayımlanacaq. Tamaşaçıları intizarda saxlamaq daha maraqlı olardı. Əmin ola bilərsiniz ki, maraqlı bir açılış olacaq. Burada Azərbaycanın şahmata bağlılığı, ölkəmizin qədim tarixi və digər məqamlar göstəriləcək.
- Olimpiadada çoxlu sayda əcnəbi qonaqlar, o cümlədən şahmatçılar Bakıya gələcək. Onların viza məsələsi necə həll olunur?
- Hazırda ən vacib iş vizaların alınmasının sürətlənməsidir. Ölkə prezidentinin sərəncamı əsasında olimpiadaya gələcək şahmatçıların viza almaq prosesi müəyyənləşdirilib. Hər bir ölkədən gələcək iştirakçıların adı dəqiqləşir. Bütün şahmatçıların və qonaqların viza almasını sürətləndiririk. Xarici İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidmətinin köməkliyi ilə şahmatçıların yerində viza almasına nail oluruq. Olimpiadada iştirak edəcək komandalar Bakıya eyni vaxtda gələcək. Əgər viza hava limanında alınacaqsa bu onların gömrük nəzarətini keçməsini ləngidəcək. Ona görə həmin prosesə əvvəlcədən hazırlaşırıq. Vizalar əvvəlcədən alınsın və şahmatçılar hava limanında artıq vaxt itirməsin.
-Yarış zamanı nəqliyyat, təhlükəsizlik məsələsi necə tənzimlənəcək?
- Şahmatçılar oteldən Bakı Kristal Zalına rahat yola salınacaq. Bununla bağlı nəqliyyatın hərəkətinin müəyyən məşqi keçirilir. Təhlükəsizlik xidmətiylə bağlı şirkət müəyyənləşib. Şirkət hazırda əməkdaşların təlimiylə məşğuldur. Yarış zalı və paralel tədbirlərin olacağı məkanlarda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə olması üçün iş aparılır.
Eyni zamanda şəhərdə bayram əhval-ruhiyyəsini yaratmaq məqsədiylə olimpiadaya aid məkanlarda lazımi bannerlər yerləşdiriləcək. Olimpiadaya yaxın məkanda müəyyən tədbirlərimiz olacaq. Bildiyiniz kimi, 14 otellə əməkdaşlıq edəcəyik. 2500-ə yaxın şahmatçı və hakimlər bu otellərdə məskunlaşacaq. Hər bir mehmanxanada nümayəndəmiz çalışacaq. Olimpiada müddətində qaynar xətt fəaliyyət göstərəcək. İstənilən sualla əlaqədar qonaqlar bu nömrəyə zəng vura biləcək.
- Ermənistan mətbuatında bu ölkənin şahmatçılarının olimpiadada iştirak etməyəcəyi barədə xəbər yayılıb. Bu barədə Əməliyyat Komitəsinə rəsmi müraciət göndərilib?
- Ermənistan komandasının təhlükəsizliyinə zəmanət vermişik. Onların Bakıdakı yarışda iştirakıyla bağlı müəyyən təcrübəmiz var. Bakı Şahmat Olimpiadasında iştirak etməyəcəklərsə, bu onların məsuliyyətidir. Düzünü desəm, biz belə qərar gözləmirdik. Çünki, Ermənistan şahmatçıları Bakıda keçirilən son Dünya Kubokunda iştirak ediblər. Levon Aronyan da daxil olmaqla Ermənistan şahmatçılarının Bakıya gəlməsində heç bir problem yaşanmayıb. Ermənistan olimpiadada iki komandayla çıxış etməli idi. Ona görə belə məlumatı eşitmək bizim üçün gözlənilməz oldu.
FİDE prezidenti Kirsan İlyumjinov Bakıda olduğu zaman, Gənclər və İdman naziri Azad Rəhimovla söhbətində də vurğulamışdı ki, Ermənistan tərəfi bu məsələni müzakirə edir. Yəqin son anda gəlməmək barədə qərar qəbul ediblər. Hərçənd biz də heç bir rəsmi sənəd yoxdur. Biz hələ də onların gəlişinə hazırıq. Gəlmək istəsələr onları qəbul edəcəyik.
- Olimpiadada 6 komandamız mübarizə aparacaq. Şahmatçılarımızın qarşısına hansı məqsəd qoyulub?
- 3 təlim-məşq toplanışı nəzərdə tutulmuşdu. Artıq iki hazırlıq mərhələsi arxada qalıb. Növbəti məşq prosesi avqustun 9-da olacaq. Ümid edirik ki, avqustun sonuna bütün şahmatçılarımız olimpiadaya hazır olacaq. Əsas komandalardan həmişə böyük nəticələr gözləyirik. Hər bir yarışda başlıca məqsəd qalib gəlməkdir. İkinci-üçüncü komandalardan nəticə tələb etmək sadəlövlük olar. Qadın komandamızın şansları azdır. Kişi şahmatçılardan ibarət yığmamız isə əksinə həmişə dünyada ən güclülər sırasında olub. Norveçdə keçirilən son olimpiadada 2-5-ci yerləri bölüşdürdük. Son 8 ildə iki dəfə Avropa çempionu olmuşuq. Komandamız kifayət qədər təcrübəli və titulludur. Qələbə gözləməyə əsasımız var. Sözsüz ki, bu idmandır, hər şey ola biər. Amma çalışacayıq qalib gələk.