Bakı Şahmat Olimpiadasına həsr olunan mətbuat konfransı keçirilib
Bu gün Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadası ilə bağlı mətbuat konfransı keçirilib. SportLine.az xəbər verir ki, tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, federasiyanın vitse-prezidenti, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov və federasiyanın vitse-prezidenti, Şahmat Olimpiadasının baş hakimi Faiq Həsənov iştirak edib.
Tədbir iştirakçılarını salamlayan Gənclər və İdman naziri Azad Rəhimov Azərbaycanın Şahmat Olimpiadasını yüksək səviyyədə keçirəcəyinə inamını vurğulayıb: “İndiyədək bir neçə Şahmat Olimpiadasında iştirak etmişəm. İnanıram ki, ən möhtəşəmi Bakıda olacaq. Azərbaycanın beynəlxalq yarışları qəbul etməyə böyük təcrübəsi var. “Bakı 2015” I Avropa Oyunları, Formula 1 üzrə Avropa Qran Prisi, dünya və Avropa çempionatları və digər mötəbər yarışlara ev sahibliyi etmişik. Gələn il IV İslam Həmrəyliyi Oyunları ölkəmizdə keçiriləcək. Şahmat Olimpiadası ən mötəbər yarışlardandır. Dünyanın ən yüksək intellektə sahib idmançıları Olimpiada çərçivəsində Bakıya gələcəklər”.
Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov komandalarımızın uğurlu çıxışına ümid bəslədiyini qeyd edib: “Təşkilat Komitəsi böyük işlər görüb. Olimpiadanın yüksək səviyyədə keçəcəyinə inanırıq. Komandalarımız da yarışa lazımi səviyyədə hazırlaşıblar. Son illər ölkəmizdə bir neçə beynəlxalq şahmat yarışları keçirilib. İndi isə ən mötəbər yarışa – Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi etməyə hazırlaşırıq. Komandalarımıza ümidlərimiz böyükdür. Federasiya rəhbərliyi idmançılarımızın hazırlığı üçün əlindən gələni edib. Potensialımıza uyğun nəticələr gözləyirik. İnanıram ki, şahmatçılarımız ölkəmizi layiqincə təmsil edəcəklər”.
Yarışın baş hakimi Faiq Həsənov Azərbaycanın 30 hakimlə təmsil olunacağını deyib: “Tromsödəki Olimpiadada 10 azərbaycanlı hakim iştirak etmişdi. Bu dəfə yarışlarda 30 hakimlə təmsil olunacağıq. Son üç il ərzində hakimlərimiz yüksək səviyyəli hazırlıq prosesi keçiblər. Onlar, nəinki yerli, hətta beynəlxalq yarışlarda da təcrübə toplamaq imkanı qazanıblar”
Vüsal Məmmədzadə
Qambit | SportLine.az
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir