Bakı Şahmat Olimpiadasının açılış və bağlanış mərasimləri ilə bağlı görüş keçirilib
Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış və bağlanış mərasimlərinin təşkilinə həsr olunan növbəti görüş keçirilib. Bakı Şahmat Olimpiadasının direktoru Mahir Məmmədov, komitənin müxtəlif şöbələrinin nümayəndələri, Milli Gimnastika Arenasının rəhbəri Maqsud Fərzullayev və "Amapola" şirkətinin menecerlərinin iştirak etdiyi toplantıda əvvəlcə mərasimin ssenarisi müzakirə edilib. Daha sonra təhlükəsizlik, nəqliyyat məsələləri barədə fikir mübadiləsi aparılıb və müvafiq şöbələrə tapşırıqlar verilib.
Açılış mərasimində iştirak edəcək qonaqların və şahmatçıların yerləşdirilməsi, media nümayəndələrinin rahat işləməsi istiqamətində bir sıra təkliflər irəli sürülüb. Əməliyyat Komitəsinin Nəqliyyat departamentinə tapşırılıb ki, 4000-ə yaxın tamaşaçı və rəsmilərin arenaya vaxtında və rahat gəlməsini təmin etsin.
Turnirin mətbuat xidməti xəbər verir ki, 42-ci Ümumdünya Şahmat Olimpiadasının açılış və bağlanış mərasimləri Milli Gimnastika Arenasında baş tutacaq. Sentyabrın 1-də keçiriləcək açılış mərasimi saat 19-da başlayacaq.