"Barselona" prezidenti: La Liqanı tərk edə bilərik
Kataloniya vilayəti ətrafında son günlər cərəyan edən siyasi hadisələr "Barselona" futbol klubunun rəhbərliyini də düşünməyə vadar edib. SportLine.az saytında bir neçə gün öncə yayımladığımız yazıda klubun La Liqanı tərk edə biləcəyini bildirmişdik.
"BARSELONA" İNGİLTƏRƏ PREMYER LİQASINDA ÇIXIŞ EDƏCƏK?
Bu gün isə klub prezidenti Jozep Bartomeu keçirdiyi mətuat konfransında məsələ ilə bağlı fikirlərini jurnalistlərlə bölüşüb.
"Barselona"nın rəhbəri Kataloniya sakinlərinin qərarlarına hörmətlə yanaşdıqlarını bildirib və siyasi proseslərin sonunda klubla bağlı məsələyə də aydınlıq gələcəyini sözlərinə əlavə edib: "Bu barədə indidən düşünməliyik. Kataloniya müstəqilliyi elan etsə, çox güman ki, La Liqa ilə vidalaşacağıq. Belə bir qərar qəbul etmək asan deyil. İdarə heyəti məsələ ilə bağlı müzakirələr aparacaq və ən yaxşı variantı tapmağa çalışacaq".
Kataloniya vilayətinin İdman naziri Jerar Fiqueras bir neçə gün öncəki çıxışında, "Necə ki, Andorranın futbol və basketbol klubları İspaniya çempionatlarında, "Monako" Fransa I Liqasında, "Suonsi" Premyer Liqada çıxış edir, biz də buna bənzər qərar verə bilərik. UEFA-nın buna mane olacağını düşünmürəm", - demişdi.
Hazırda "Barselona"nın İngiltərə Premyer Liqası, Fransa I Liqası və ya İtaliya A Seriyasında iştirakı klub rəhbərliyi tərəfindən müzakirə olunur. Məlumata görə J.Bartomeu müstəqilliyin əldə olunacağı təqdirdə klubun İngiltərə Premyer Liqasında çıxış etməsinin tərəfdarıdır.
Qeyd edək ki, "Barselona" 24 dəfə La Liqada çempionluq sevinci yaşayıb və bu göstəricidə yalnız "Real"dan geri qalır.