"Barselona" İngiltərə Premyer Liqasında çıxış edəcək?
Son günlər Kataloniya vilayətinin müstəqilliyi gündəmə gəlib. Siyasi proseslərin gedişi bir çox sahələrə, eləcə də, futbola təsirsiz ötüşməyəcək. SportLine.az xəbər verir ki, sözügedən əyaləti təmsil edən və İspaniya La Liqasında çıxış edən komandalar - "Barselona", "Espanyol" və "Jirona" başqa çempionatılara üz tuta bilər.
Goal.com saytında dərc olunan yazıda deyilir ki, Kataloniya təmsilçiləri yaxın ölkələrin çempionatlarında, daha dəqiq desək, Fransa I Liqası, İtaliya A Seriyası və ya İngiltərə Premyer Liqasında mübarizə apara bilər.
Kataloniya vilayətinin İdman naziri Jerar Fiqueras müstəqillik əldə olunduqdan sonra komandaların seçimlərində sərbəst olacağını söyləyib: "Onlar Kataloniya Liqasında və ya başqa ölkələrin elit liqalarında çıxış edə biləcəklər. "Monako" Fransa I Liqasında, Uels klubları İngiltərə Premyer Liqasında təmsil olunduğu kimi, "Barselona" və digər Kataloniya klubları da digər ölkələrin birinciliklərinə qatıla bilərlər. UEFA-nın buna mane olacağına inanmıram".
İspaniya Peşəkar Futbol Liqasının prezidenti Xavyer Tebas isə, "Belə bir qərarla razılaşmaq asan deyil. Ancaq Katalon klubları başqa çempionata üz tutsa, bir də İspaniya Liqasında çıxış edə bilməyəcək", - deyə bildirib.
İspaniya Ali İdman Şurasının prezidenti Xose Ramon Lete, "İspaniya idmanını Kataloniya idmançıları olmadan təsəvvür etmək mümkünsüzdür və vilayətin müstəqilliyi heç vaxt olmayacaq", - deyə söyləyib.
"Barselona" klubunun rəhbərliyi isə ictimaiyyətə açıqlamasında Kataloniya sakinlərinin qərarlarına hörmətlə yanaşacaqlarını deyib: "İnsanlar necə istəsə, elə də olacaq. Siyasi proseslər yekunlaşdıqdan sonra bu mövzu müzakirə edilə bilər".
Hələ ki, İspaniya hökuməti Kataloniya vilayətində cərəyan edən siyasi prosesləri tanımadığını və müstəqliyyin mümkünsüz olduğunu bildirir.