"Lixtenşteynə də qalib gələcəyik"
“Şamaxı”nın yarımmüdafiəçisi Oruc Məmmədov Azərbaycan millisində debütündən danışıb.
Sportline.az xəbər verir ki, 22 yaşlı futbolçu Litva ilə 1:0 hesablı qələbə qazandıqları qarşılaşmada ilk dəfə meydana çıxıb.
O, matçı belə dəyərləndirib.
“Oyun bizim üçün çox yaxşı keçdi. Birinci hissədə daha çox təzyiqi biz edirdik. Qolumuzu da vurduq və hesabı qoruduq. Gələn oyunlarda da qələbə qazanacağımıza inanıram”.
Milli komandada debütü barədə danışan Oruc Məmmədov baş məşqçi Ayxan Abbasova təşəkkür edib: “Çox yaxşı hissdir. Ayxan müəllimə buradan çox sağ ol deyirəm. Belə vacib oyunda mənə güvəndi. Ardı gələcək”.
Start heyətində meydana çıxacağını gözləmədiyini deyən futbolçu bunun ona əlavə motivasiya verdiyini bildirib: “Düzü, çox gözləmirdim. Amma futboldur, hər an hazır olmalıyam. Cavan oyunçuyam, bu mənə əlavə motivasiyadır. İlk oyunumda qələbə qazanmaq istəyirdim və buna nail oldum”.
Oruc Məmmədov Lixtenşteynlə heç-heçədən sonra komandanın bu oyuna hazırlığında Ayxan Abbasovun rolunu da qeyd edib: “Ayxan müəllim sağ olsun, bizi çox dəstəklədi, arxamızda durdu. Hamı xarakter göstərdi. Tənqidlərə çox da fikir vermədik. Qələbə qazandıq. Futboldur, hər şey ola bilər”.
Milli komandanın qrupda birinci olub-olmayacağı ilə bağlı suala isə Oruc Məmmədov belə cavab verib: “Lixtenşteynlə oyuna hələ bir ay var. Hamı öz komandasında mütəmadi oynayıb daha hazır gələcək. Lixtenşteynə qarşı da qələbə qazanacağıq”.