“Barselona”ya qol vuran ilk azərbaycanlıyam"
"İdmançı karyerası elədir ki, uğurlu oyunlarınla bərabər, xatırlamaq istəmədiyin matçların da olur. Unutmayacağım oyunların siyahısına erməniləri udduğumuz duel başçılıq edir".
Sportline.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin sabiq futbolçusu Rəcəb Fərəczadə Futzal Federasiyasının mətbuat xidmətinə müsahibəsində söyləyib. Sabiq oyunçu 2011-ci ildə "Barselona"ya qarşı keçirilən görüşdə fərqlənməyindən də bəhs edib:
"UEFA kuboku çərçivəsində 2011-ci ildə “Araz-Naxçıvan”la “Barselona”ya qarşı keçirdiyimiz görüşü də yaddan çıxarmaq olmaz. İspaniyada onlara qarşı 2:2 hesablı heç-heçə etmişdik və qollardan birini mən vurmuşdum. Hətta baş məşqçimiz bu cür oynayacağımızı gözləmirdi. Yeri gəlmişkən, “Barselona”ya qol vuran ilk azərbaycanlıyam (gülür). Sloveniya millisi ilə AÇ-2014-ün final mərhələsində keçirdiyimiz oyun haqda da danışmaq istərdim. 1:5 hesabı ilə yenuk durumda idik, amma yekunda 7:6 hesablı qələbə qazandıq. Bunlar yaxşı mənada seçilən oyunlarımızdı. Amma nəticəsinə görə təəssüfləndiyimiz görüşlər də olub. 2008-ci ildə dünya çempionatının final mərhələsinə çıxmaq uğrunda oyunda Çexiya yığmasından son saniyələrdə buraxdığımız qol bizi məyus etdi. Halbuki oyun heç-heçə başa çatsaydı, birbaşa DÇ-nin final mərhələsinə yollanacaqdıq.