"Bavariya"nın futbolçusu İngiltərə yığmasından imtina etdi

"Bavariya" klubunda çıxış edən Camal Musiala Almaniya yığmasında oynamağa razılıq verib.

Sportline.az "Sky Sport Deutschland"a istinadən xəbər verir ki, Almaniya Futbol İttifaqı və millinin baş məşqçisi Yoahim Löv 18 yaşlı yarımmüdafiəçini razı salıb.

O, uzun danışıqlardan sonra İngiltərə seçməsində oynamaqdan imtina edərək, Almaniya yığmasına üstünlük verib.

Musialanın martdakı görüşlərdə debüt edəcəyi gözlənilir. Bundestim dünya çempionatının seçmə mərhələsində martın 25-də İslandiya, martın 28-də Rumıniya, martın 31-də isə Şimali Makedoniya ilə üz-üzə gələcək.

Qeyd edək ki, Camal Musiala Ştutqartda anadan olub. O, daha sonra anası ilə birlikdə İngiltərəyə köçüb və "Çelsi"nin akademiyasında yer alıb. Musiala İngiltərənin aşağı yaşlardan ibarət milli komandalarında çıxış edib. "Bavariya"nın gənc oyunçu ilə 5 illik müqavilə imzalayacağı gözlənilir.