Bədii gimnastika üzrə Avropa çempionatı davam edir

Bakıda bədii gimnastika üzrə Avropa çempionatı davam edir.

Sportline.az xəbərt verir ki, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa çempionatının ikinci günü 3 qrupda atletlər mübarizə aparıblar. Gimnastlar fərdi yarışlarda halqa və top ilə hərəkətlərdə bacarıqlarını göstəriblər. Azərbaycan gimnastları Zöhrə Ağamirova və Veronika Qudis əvvəlcə halqa ilə hərəkətlərdə çıxış ediblər. Atletlərimiz hakimlərdən müvafiq olaraq 20,050 və 18,250 xal alıblar. Z. Ağamirova bu nəticə ilə dördüncü, Qudis isə səkkizinci olub.

Dörd gün davam edən çempionatın fərdi proqramında böyüklər, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edirlər. Xatırladaq ki, yarışların ilk günü gənclərdən ibarət qrup hərəkətləri komandaları çoxnövçülükdə - beş halqa ilə mübarizə aparıblar. Azərbaycanın gənclərdən ibarət qrup hərəkətləri komandası yarışların finalına yüksəlib. Əlavə edək ki, paytaxtımız 2007, 2009 və 2014-cü illərdə də bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edib.