"Bəzən, futbolu anlamaq olmur" - Zidan
İspaniya La Liqasının 26-cı turu çərçivəsində keçirilən "Espanyol" - "Real" görüşü "kral klubu"nun məğlubiyyəti ilə yadda qaldı. Madridlilərin baş məşqçisi Zinəddin Zidanın heyətdə və oyun sxemində etdiyi dəyişikliklər növbəti dəfə özünü doğrultmadı.
SportLine.az "Marca"ya istinadən xəbər verir ki, fransalı mütəxəssis oyun haqda təəssüratlarını bölüşərkən bəxtdən gileylənib:
"Bəzən, futbolu anlamaq olmur. Düşünürsən ki, hər şeyi yaxşı etmisən. Oyunda daha çox təhlükəli vəziyyət yaradırsan. Amma axırda məğlub olursan.
Ardıcıl beş oyundur yaxşı nəticələr qazanırıq. Bu gün bunu edə bilmədik.
İlk hissədə daha yaxşı oynadıq. Bir neçə imkanımız oldu, amma rəqib qapısına yol tapmaq mümkün olmadı.
"Espanyol"un isə şansları daha az idi. Son dəqiqədə qol vurdular və bundan sonra nəyi isə dəyişmək mümkün deyildi.
Məğlubiyyəti həzm etməliyik. Hazırda çətin bir dövrdən keçirik və buna dözməliyik".
Qeyd edək ki, "Real" 26 oyundan sonra 3-cü pillədə qərarlaşıb. Bir oyun az keçirən lider "Barselona" paytaxt təmsilçisindən 14 xal öndədir.