Böyük Dəbilqə: İlk gündə 1 medal

Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinin ilk günü yekunlaşıb.

Sportline.az xəbər verir ki, cüdoçularımızdan Nicat Şıxəlizadə yarışın ilk günündə gümüş medal qazanıb. 66 kq çəki dərəcəsində mübarizə aparan 31 yaşlı idmançımız finalda Moldova təmsilçisi Denis Vieruna məğlub olaraq fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Eyni çəki dərəcəsindəki digər cüdoçu İbrahim Əliyev isə üçüncü yer uğrunda görüşdə Basxu Yondoperenleyə uduzub.

İlk yarış günündə kişilər 60 kq və 66 kq, qadınlar isə 48 kq, 52 kq və 57 kq-da mübarizə aparır.

Qadınların yarışında Ramilə Əliyevə, Şəfəq Həmidova, Əliyeva Leyla (hər üçü 48 kq), Gülşən Nəzərova, Şəfəq Məmmədova, Gültac Məmmədəliyeva (hər üçü 52 kq), Səkinə Zayirova (57 kq) 1/16 finala təsadüf edən ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıblar. Aişə Qurbanlı (48 kq), İçinxorlu Munxtsedev və Aleksandra-Larisa Florian (hər ikisi 57 kq) isə bir görüşü qələbə ilə bitirdikdən sonra 1/8 finalda uduzublar.

Kişilərdən Oruc Vəlizadə, Tofiq Məmmədov, Orxan Səfərov (hər üçü 60 kq) ilk görüşlərində uduzaraq turnirlə vidalaşıblar. Əhməd Yusifov (60 kq) və İsmayıl İbrahov (66 kq) isə bir mərhələ adlaya bilib.

Qeyd edək ki, Böyük Dəbilqə turnirinə mayın 12-də yekun vurulacaq.