"Bu yarışı ötən il 100 milyon insan izləyib"

"Tour d'Azerbaidjan" yüz kilometrlərlə məsafəni əhat edir. Marşrut müxtəlif ərazilərdən, görməli yerlərdən keçir. Bu da ölkənin tanıdılması baxımından olduqca əhəmiyyətlidir". SportLine.az xəbər verir ki, bu sözləri Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov "Tour d'Azerbaidjan-2016" beynəlxalq veloyürüşü ilə bağlı təşkil olunan mətbuat konfransında deyib. 

Yarış haqda geniş məlumat verən vitse-prezident "Tour d'Azerbaidjan"ın keçdiyi inkişaf yolundan danışıb. Onun sözlərinə görə, hər il inkişaf edən veloyürüş artıq dünyanın ən nüfuzlu velosiped yarışlarından hesab edilir: "Təsadüfi deyil ki, ötən il "Eurosport" kanalının açıqladığı məlumata əsasən, dünyanın yarış 56 ölkəsinin 72 telekanalı vasitəsilə yayımlanarkən 32.7 milyondan çox televizor bu kanallara köklənib. Bu isə o deməkdir ki, bu yarışı, təxminən, 100 milyon insan izləyib".

Azərbaycan idmançılarının son illərdə əldə etdiyi uğurlardan danışan S.Ələkbərov Rio Yay Olimpiya Oyunlarına qazandığımız lisenziyaların bunun bariz göstəricisi olduğunu dilə gətirib. 

Tədbirdə çıxış edən "Tour d'Azerbaidjan-2016"nın texniki direktoru Roland Hofer Azərbaycanda velosiped idmanının inkişafı üçün böyük işlər görüldüyünü söyləyib: "Dünyanın bir çox ölkəsində olmuşam. Sizi əmin edə bilərəm ki, çox az yerdə belə yüksək səviyyəli federasiya binası var. Son illər Azərbaycanda bu idman növü sürətlə məşhurlaşmaqdadır. İnanıram ki, tezliklə azərbaycanlı idmançılar daha yüksək nailiyyətlər əldə edəcəklər".

SportLine.az | Velotur
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir