"Bütün nəsli Mahir Emrelinin agentidir"
"Legiya”ya keçəndən sonra Azərbaycan mediasının gündəmindən düşməyən Mahir Emrelinin meneceri Tural Əsgərovla yolları ayırması birmənalı qarşılanmamışdı. Futbolçunun Varşava təmsilçisinə keçidində böyük pay sahibi olan Əsgərov artıq onunla çalışmayacaq. Emrelinin anası Elnurə xanım mətbuata açıqlamasında bu işi bundan sonra ailəsi və qohumları yerinə yetirəcəyini açıqlamışdı. Sportline.az xəbər verir ki, Fanat.az saytı bir müddət susqunluğu ilə diqqət çəkən Tural Əsgərovun bu ayrılığa reaksiyasını öyrənib.
Tural bəy öncə vurğulayıb ki, Emreli ilə anlaşmanın hələ ilyarımlıq hissəsinin qüvvədə olmasına baxmayaraq, işbirliyini dayandırıb: "Mahirlə bu ilin əvvəlində yeni – 2 ili əhatə etməli olan müqavilə imzalamışdıq. Yəni hələ 6 ay keçib, ilyarım qalır. Bununla belə, hələ bir müddət əvvəldən belə fikir var idi ki, bu keçidi reallaşdırandan sonra ayrılaq. Ancaq işi yarımçıq dayandırmaq olmazdı. Mahirin keçidi rəsmiləşəndən sonra işbirliyinə son verdik”.
Təcrübəli menecer "sizin missiya elə bura qədər idi” sualına ikibaşlı cavab verib: "Niyə ki? Mahirlə bağlı uzağa hesablanmış hədəfimiz var idi. Sadəcə...Bu haqda mənə başqa jurnalist dostlar da zəng vururdu. Onlara demişdim ki, qoy qarşı tərəf münasibət bildirsin, xəbəri onlar təsdiqləsin. Sonra Elnurə xanımın məlum açıqlaması yayıldı. Əslində, Mahirin anası düz deyib: bütün nəsil onun agentidir. 50 agent varsa, 51-ciyə nə ehtiyac var? Mən 51-ci menecer olmaq istəmədim və ayrılmağa qərar verdim. Söhbət 1-ci və ya 2-ci olmaqdan getmir, sadəcə, bir futbolçunun ətrafında bu qədər adam nəyə lazımdır? Peşəkarlıqdan danışırıqsa, mən belə davam etmək istəmədim. Mahirə karyerasında uğurlar arzulayıram”.