Canni De Byazi: "Hələ də hədiyyəmi verməyib"
"Maksim Medvedev və Anton Krivotsyuk oynamayacaq. Düşünürəm ki, sabah meydana Dublindəki heyətə yaxın "11-lik" çıxacaq".
Sportline.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda Portuqaliyaya qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis bildirib ki, ümid sonda ölür: "Amma biz daha çox faktlara fikir verməliyik. FIFA reytinqində 47-ci yerdə gedən komandaya qarşı yaxşı oynadıq. Baxımlı oyun göstərdik. İntensivliyi 90 dəqiqə qorumalıyıq".
65 yaşlı baş məşqçi son iki matçda meydana fərqli start heyəti buraxmasının səbəbini açıqlayıb: "Bu sualın cavabı çox asandır. Avqustun 25-dən məşq edirdik. Ayın 30-da ölkə xaricində oynayan futbolçular bizə qoşuldu. Onları ikinci hissəyə saxlamışdıq. Fikrimcə, Lüksemburqa qarşı ilk hissədə pis oynasaq da, ikinci yarıda oyunumuzu tapdıq. Heç-heçə edə bilərdik".
De Byazi Lüksemburq və İrlandiya ilə oyunlarda qazanılan 1 xala da toxunub: "Təbii ki, bundan razı qalmaq olmaz. Amma əvvəlcə hansı qrupda mübarizə aparmağımıza baxmaq lazımdır. Düzdür, reytinqdə 5-ciyik, amma bunun heç bir önəmi yoxdur. Cəmi 1 ildir bu komandaya rəhbərlik edirəm. Gələcəkdə mən olsam da, olmasam da, bu kollektiv gələcək üçünyaxşı layihə alına bilər".
Təcrübəli mütəxəssis bir müddət öncə İtaliya mətbuatına verdiyi müsahibədə fikirlərinin təhrif olunduğunu vurğulayıb: "Mən demişəm ki, Portuqaliya və Serbiya birinci yer, İrlandiya, Azərbaycan və Lüksemburq isə 3-cü yer uğrunda mübarizə aparacaq".
De Byazi Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldunun sabahkı matçı buraxmasına da münasibət bildirib: "Ronaldu çox böyük oyunçudur. Amma rəqibin heyətində kifayət qədər güclü futbolçular var. Oyunçu baxımdan problemləri yoxdur. Amma futbolda hər şey ola bilər. Fernandu Santuş hələ də mənim hədiyyəmi verməyib. O, yığmaya mənim sayəmdə gəlib. Çünki məhz Albaniya millisi Portuqaliyaya qalib gəldikdən sonra Santuş milliyə baş məşqçi təyin olundu və məğlubiyyətsiz Avropa çempionluğunu qazandı. Ümid edirəm ki, sabah yenə mənə uduzacaq, amma komandasını qrup birincisi edəcək".
Baş məşqçi yığmanın liderinə çevrilən Emin Mahmudov barədə də fikirlərini bölüşüb: "Bir il öncə Emini yaxşı tanımırdım. Yalnız videolarına baxmışdım. Əvvəllər aramızda problem olub. Bir dəfə onu nəsə içməyə çağırdım. Təbii ki, bu, spirtli içki deyildi. Həmin söhbətdən sonra onun yaxşı insan olduğunu gördüm. İstərdim ki, digər futbolçulardan da ondan nümunə götürsünlər".
De Byazi İrlandiya ilə matçdakı (1:1) hakim səhvi barədə heç bir beynəlxalq quruma müraciət olunmadığını söyləyib: "Heç kimlə əlaqə saxlamadıq. Təbii ki, hamımız qələbəni əldən verdiyimiz üçün pis olduq. 3 xal bizim üçün yaxşı motivasiya ola bilərdi. İrlandiya ilə görüşdə Rüstəm Əhmədzadə ağır zədə alsa da, əlindən gələni etdi. Demək olar ki, bir ayaqla oynayırdı. Bütün futbolçularda həmin istəyi görməyi arzulayıram. Belə olsa, çox az oyunda uduzarıq".
Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Portuqaliya matçı saat 20:00-da start götürəcək.