Canni De Byazi: "Fikrimi söyüşlə ifadə etmək istərdim, amma qalsın"

“Dünən də demişdim ki, asan olmayacaq. Çox güclü rəqibə qarşı oynayırdıq".

Sportline.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə Bakıda keçirilən oyundan (0:3) sonra mətbuat konfransında deyib.

- Sizə nə qədər vaxt lazımdır ki, azarkeşlərin üzü gülsün?

- Portuqaliya bizdən əvvəl yoldaşlıq görüşü keçirmişdi, heyətində çox dəyişiklik etmişdi. Bir çox oyunçusu tam hazır vəziyyətdə idi. İki komanda arasında texniki fərq də böyük idi. İrlandiya və Serbiya ilə oyunlara da baxmaq lazımdır. Bizim kimi komandaya bəzi oyunçuların yoxluğu əlavə problem yaradır. Bugünkü qarşılaşmaya da itkilərlə çıxmışdıq. Mövsümün əvvəli olduğu üçün bəzi oyunçuların fiziki durumu yaxşı deyil. İrlandiya ilə görüşün də ikinci hissəsini bu üzdən müdafiədən keçirdik. Halbuki həmin matçın ilk yarısında hücum futbolu sərgiləmişdik. Güc çatmayanda məcburiyyət qarşısında qalırıq.

- Azərbaycan millisi ilə irəliləyişə nail olmaq üçün sizə nə qədər vaxt lazımdır?

- Mənə nə qədər vaxt lazım olması problem deyil. Biz qrupda reytinq baxımından 5-ciyik. Reytinqdə yüksəlməliyik. Hər şeyi bir gündə, bir dəqiqədə dəyişmək olmaz. Mən sehrbaz deyiləm. Əlimizdə olan oyunçular da bunlardır.

- Digər yığmalarla müqayisədə bir həftə əvvəldən toplanışa başladınız və 3 oyunda 1 xal topladınız. Bu müddətdə xeyirli bir şey gördünüz?

- Bir həftə tez başlamağı mən xahiş etmişdim. Bu gün rəqiblə aramızda texniki və fiziki fərqi yəqin ki gördünüz. Portuqaliyalı futbolçular dayanmadan qaçırdılar. Topla necə davranırlar, qorxmadan oynayırlar. Bu gün yaxşı oynaya bilmədik. Xüsusən də, birinci hissədə istədiyimiz kimi keçmədi. Amma nəzərə alaq ki, 7 gündə 3-cü oyunumuz idi.

- Namik Ələskərov və Mahir Emrelinin oyunu haqda nə deyə bilərsiniz?

- Namikdən razı qaldım. Ürəyini qoydu, bütün oyunu yaxşı keçirdi. Mahirdən daha yaxşısını gözləyirəm. Topu daha rahat götürməli, hücuma tez keçməlidir. Bəzi məqamları yaxşılaşdırmalıdır.

- İrlandiya mətbuatında belə bir xəbər yayılıb ki, Canni de Byazi Albaniyada gördüyü xoşbəxtliyi Azərbaycanda görmədi və seçmə mərhələnin sonunda yığmadan ayrılacaq. Gələcəklə bağlı qərarınızı vermisiniz?

- Adətən real şeylərdən danışmağı öyrəşmişəm. Bu, fantastik şeylərdir. Axır vaxtlar adım çox yığmalarla hallanır, Ukrayna və digərləri ilə. Seçmə mərhələnin sonunda AFFA ilə görüşəcəyəm, ortaq bir qərar verəcəyik. Davam etmək qərarı verilsə, qalacağam. Bura gələndə hansı çətinliklərlə üzləşəcəyimi bilirdim. Evi həmişə təməldən tikmək lazımdır.

- Turindəki oyunla müqayisədə Portuqaliyanın bu gün daha asan qələbə qazanmasının səbəbi nə idi?

- Görünən odur ki, onlar bu gün bizdən daha yaxşı hazırlıqlı idilər. Turində rəqibə çətinliklər yaratdıq. Amma oyunçu keyfiyyəti hər şeyi həll edir.

- Lüksemburqla oyundan sonra sosial şəbəkələrdə müzakirə olundu ki, heyəti qurmaqda işinizə müdaxilə edilir, xüsusən də, "Sumqayıt"ın oyunçuları ilə bağlı məsələdə...

- Özüm heç vaxt sosial şəbəkəyə baxmıram. Sizə də məsləhət görərdim ki, ora baxmaqla vaxtınızı boş yerə keçirməyin. Mənə heç kim deyə bilməz ki, onu oynat, bunu oynatma. İndiyə qədər çalışdığım yerlərdə heç vaxt belə şey olmayıb, ola da bilməz. Öz düşüncəm var, buna uyğun iş görürəm. Bunu söyüşlə ifadə etmək istərdim, amma qalsın.

- Rəhim Sadıxov klubundan fərqli millidə ön plana çıxa bilmir. Onun əsas çatışmazlığı nədir?

- "Sumqayıt" milli komanda deyil. Amma Rəhim yaxşı keyfiyyətə malik oyunçudur. Perspektivli oyunçudur. Yəqin ki, ona da bir müddət vaxt lazımdır.

- Ozobiçin qorxaq futbol oynaması sizi məyus etmədi?

- Ozobiç də yaxşı keyfiyyətə malik təcrübəli oyunçudur. İnkişafımız üçün vacib futbolçudur. Yorğunluğu hiss olunurdu. Xüsusən də, İrlandiya ilə oyundan sonra. Ancaq onun varlığı bilinirdi.

- Sizcə, "Qarabağ" Konfrans Liqasının qrup səddini keçə bilər?

- Qrupa baxanda fikirləşirdim ki, çox da çətin qrup deyil. Qazaxıstan klubunu tanımıram. Əsas "Bazel"i tanıyıram. Düşünürəm ki, "Qarabağ" qrupdan çıxa bilər.(apasport.az)