Canni De Byazi: "Millinin qapıları hamının üzünə açıqdır"
"Seçmə mərhələyə 122 gün qalıb. Bu iki oyun inam qazanmaq baxımından bizim üçün vacibdir".
Sportline.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi səfərdə Moldovaya qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis bildirib ki, həyatda irəliyə getmək üçün nəyisə çox istəməli, inkişaf etməlisən: "Bu, sabitlik baxımından da önəmlidir. Gördüyünüz kimi, həmişə Bakıdayam, bütün oyunları izləyirəm. Hazırda düşərgədə 26 futbolçu var. Bu oyunçular bizə seçmə mərhələdə kömək edə bilərlər. Millinin qapısı hamı üçün açıqdır. Amma bağlana da bilər. Son vaxtlar işlərimiz yaxşı gedir. Buna görə sevinirəm".
O, yığmaya dəvət alan futbolçulardan Emin Mahmudovla Riçard Almeydanı digər oyunçulara nümunə göstərib: "Yadınızdadırsa, Emin əvvəl çox oynamırdı. Amma onunla söhbətdən sonra əsas heyət üzvünə çevrildi. Almeydaya gəlincə, əvvəl düşünürdüm ki, daha çox gənclərə şans verməliyəm. Lakin gördüm ki, Riçard meydanda can qoyur. Braziliyadan olsa da, daha çox azərbaycanlıdır. Kim millidə oynamaq istəyirsə, düzgün nümunə olmalıdır".
66 yaşlı baş məşqçi revanş barədə düşünmədiklərini söyləyib: "Dünən uşaqlara dedim ki, 17 ay öncə burada uduzmuşduq. Onda yanaşma yaxşı deyildi. İstəyim odur ki, meydana qələbə üçün çıxaq. Qarşıda bizi 2 maraqlı oyun gözləyir. Meydanda bütün gücümüzü ortaya qoymalıyıq".
De Byazi heyəti gec açıqlamasının səbəbini də izah edib: "Ölkə çempionatında son oyunlar ötən həftə olub. Bundan sonra dərhal heyəti açıqladıq. Əksər futbolçularımız yerli liqada çıxış edir. Bu mənada heyəti tez açıqlamağın mənası yox idi".
Qeyd edək ki, noyabrın 16-da Kişineudakı "Zimbru" stadionunda keçiriləcək Moldova - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.