Cavid Hüseynov Rasimlə telefonda nə danışıb?

Bu gün Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

SportLine.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, jurnalistlər əvvəlcə məhkəməyə buraxılmayıb.

Vəkil Adəm Məmmədov vəsatət verdikdən sonra jurnalistlərin iştirakı təmin olunub. Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. 

Dövlət ittihamçısı bildirib ki, Cavid Hüseynov ağır cinayətin hazırlanmasında bilərəkdən iştirak etməkdə və gizlətməkdə ittiham olunur. O, hadisə günü qohumu Elşən İsmayılovdan “WhatsApp” yazışmalarını silməyi də tələb edib.

Cavid Hüseynov məhkəmədə sərbəst ifadə verib. Futbolçu bildirib ki, prokurorluğun dediyi əl hərəkəti məsələsinə aydınlıq gətirmək istəyir:

“İstəyirəm ki, artıq o əl hərəkəti ilə nə demək istədiyim bilinsin. Mən orada qəbahətli bir hərəkət etməmişəm. Məni jurnalist arxadan çağırıb Türkiyə bayrağını soruşdu. Mən də türklər dostumuzdu deyərək əlimlə yumruq sıxdım. Kameraya da mənim türk dostumuzdur dediyim sözlər düşüb. Səhərisi gün evdə olan zaman Elşən mənə Rasimin yazdığının şəklini atdı və dedi ki, bax haqqında nə yazılır. Haqqımda yazılanları oxuduqdan sonra Elşənə fikir verməməsini söylədim. Elşən də Rasimlə danışan zaman onu söydüyünü dedi. Elşənin əsəbi olduğunu görüb Rasimlə özüm danışmaq istədim və nömrəsini aldım. Rasimlə danışanda ona mənim tərbiyəmi ətrafımdan soruşmasını dedim. O da səhv başa düşdüyünü bildirib üzr istədi. Mən də bu haqda yenidən nəsə yazmasını istəyib zəngi sonlandırdım. Elşənə də məsələni həll etdiyimi və qarışmamasını söylədim. O da gözləyib, Rasim heç nə yazmayınca çay içmək adı ilə görüşüblər. Mənim bunların heç birindən xəbərim olmayıb.Rasim də xəstəxanada jurnalistlərə müsahibə verən zaman mənimlə məsələni həll etdiyini bildirib.

Qeyd edək ki, futbolçu Cinayət Məcəlləsinin 307.1, 307.2 - cinayəti bilib gizlətmə maddəsilə ittiham olunur.