Cavid Hüseynovdan xəbər var

Bu gün Səbail rayon məhkəməsində jurnalist Rasim Əliyevin ölümüylə bağlı cinayəti bilib gizlətməkdə ittiham olunan "Qəbələ"nin futbolçusu Cavid Hüseynovun cinayət işi üzrə növbəti proses keçirilib.

Komanda.az xəbər verir ki, prosesdə Hüseynovun vəkili Adəm Məmmədov vəsatət qaldıraraq, Rasim Əliyevin anası Teymurə Əliyevanın və Cavidin anası Xalidə Hacıyevanın adının şahidlər siyahısından çıxarılmasını istəyib. Vəkil bildirib ki, onlar əvvəlki proseslərdə iştirak etdiklərindən, şahid kimi ifadə verə bilməzlər.

Hakim bunun üçün məhkəməyə sənəd təqdim etməyin lazım olduğunu bildirib.

Proses aprelin 6-dək təxirə salınıb.

Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən Əliyev orda vəfat edib. Faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və "Qəbələ"nin keçmiş kapitanı Cavid Hüseynov saxlanılıb. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.