Çingiz Hüseynzadə DÇ:2026-da bu komandalara azarkeşlik edəcək
Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə futbol üzrə dünya çempionatında Portuqaliya və Niderland seçmələrinə azarkeşlik edəcək.
Sportline.az xəbər verir ki, MOK rəsmisi bunu Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, uşaqlıqdan azarkeşlik etdiyi iki komanda var:
"Onlardan biri Portuqaliyadır. Eysebionun dövründən bu komandaya azarkeşlik edirəm. Digəri isə Niderlanddır, Kroyffun dövründən bu komandaya azarkeşlik etmişəm və bu gün də onlara dəstəyimi davam etdirirəm".
Ç.Hüseynzadə qeyd edib ki, Yay Olimpiya Oyunları ilə dünya çempionatının iki il ərzində bir-birini əvəz etməsi tarixdə dəfələrlə baş verib:
"Məsələn, Mexiko Olimpiadasından əvvəl dünya çempionatı keçirilib, eyni hal Münxendə də təkrarlanıb. Yəni bu, adi bir praktikadır. Mən düşünürəm ki, hər iki turnir yüksək səviyyədə təşkil olunacaq və uğurla keçiriləcək".
Xatırladaq ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya 48 komanda qatılacaq.
report.az