ÇL oyununda Azərbaycana qarşı təxribat
Çempionlar Liqasının dünən keçirilən qrup mərhələsinin “Leyptsiq” - “Real” (Madrid) oyununda (3:2) Azərbaycana qarşı təxribata yol verilib.
Sportline.az xəbər verir ki, tribunalardan birində (ehtimal olunur ki, meydan sahibi olan alman azarkeşlərin oturduğu sektorda) Qarabağda yerləşmiş separatçıların qondarma “bayrağı” asılıb. Onun tribunaya necə keçirildiyi və asıldığı bilinmir.
Qeyd edək ki, FİFA və UEFA-nın qaydalarına əsasən, futbol oyunları zamanı hər hansı siyasi addım tamamilə qadağan edilib. Bu mənada, separatçıların bez parçasının Çempionlar Liqası kimi mötəbər yarışda görünməsi (tribunada olsa belə) qaydaların kobud şəkildə pozulmasıdır. Adətən, bu tipli təxribatlara görə ən azı matçın təşkilatçısı olan kluba xəbərdarlıq edilməklə maddi cəza sanksiyası tətbiq edilir.
İş saatı olmadığından məsələ ilə əlaqədar AFFA-nın mövqeyini öyrənmək olmayıb.