ÇL: Qrup mərhələsində V tura start verilir

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turuna start veriləcək.

Sportline.az xəbər verir ki, 4 qrupda keçiriləcək 8 oyundan sonra pley-offun daha 5 iştirakçısı bəlli ola bilər.

E qrupunda “Çelsi” Avstriyada “Zalsburq”a qalib gələcəyi halda 1/8 finala vəsiqəni təmin edəcək. Qrupun digər matçında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su “Milan”ı qəbul edəcək. Virusa yoluxan 25 yaşlı forvard bu görüşü buraxacaq.

F qrupunda “Leypsiq” Madrid “Real”ını məğlub etsə, qrup 2-cisi kimi pley-offa adlaya bilər. Bunun üçün həm də Donetsk “Şaxtyor”unun Şotlandiyada "Seltik"ə uduzması lazımdır.

G qrupunda Dortmund "Borussiya"sı "Mançester Siti"ni yensə, adını növbəti mərhələyə yazdıracaq. "Kopenhagen" "Sevilya" ilə görüşdə xal itirsə, Bundesliqa təmsilçisini qrupdan çıxmaq üçün heç-heçə də qane edəcək.

H qrupunda isə PSJ və “Benfika” 1/8 finalın 1 addımlığındadır. Paris klubu evdə Hayfa "Makkabi"sinə, Lissabon təmsilçisi isə "Yuventus"a məğlub olmasa, 1/8 finala vəsiqə qazanacaq.

Xatırladaq ki, daha əvvəl İtaliyanın "Napoli", Belçikanın "Brügge", Almaniyanın "Bayern", İspaniyanın "Real" və İngiltərənin "Mançester Siti" komandaları pley-off vəsiqəni təmin ediblər.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 5-ci tur
25 oktyabr

E qrupu

20:45. Zalsburq (Avstriya) - Çelsi (İngiltərə)
23:00. Dinamo (Zaqreb, Xorvatiya) - Milan (İtaliya)

Xal: Çelsi – 7. Zalsburq – 6. Milan – 4. Dinamo – 4.

F qrupu

23:00. Seltik (Şotlandiya) - Şaxtyor (Donetsk, Ukrayna)
23:00. Leypsiq (Almaniya) - Real (İspaniya)

Xal: Real - 10. Leypsiq - 6. Şaxtyor - 5. Seltik - 1.

G qrupu

20:45. Sevilya (İspaniya) - Kopenhagen (Danimarka)
23:00. Borussiya (Dortmund, Almaniya) - Mançester Siti (İngiltərə)

Xal: Mançester Siti - 10. Borussiya - 7. Sevilya - 2. Kopenhagen - 2.

H qrupu

23:00. PSJ (Fransa) - Makkabi (Hayfa, İsrail)
23:00. Benfika (Portuqaliya) - Yuventus (İtaliya)

Xal: PSJ - 8. Benfika - 8. Yuventus - 3. Makkabi - 3.