DÇ-2026: Meksika Cənubi Afrikaya qarşı

2026-cı il FIFA Dünya Çempionatı bu gün futbolsevərlərin böyük həyəcanla gözlədiyi açılış oyunu ilə start götürür.

Sportline.az xəbər verir ki, planetin ən nüfuzlu futbol turniri tarixində ilk dəfə olaraq 48 komandanın iştirakı ilə keçirilir və ABŞ, Meksika, Kanada olmaqla üç ölkənin birgə ev sahibliyi etdiyi mundialın ilk görüşündə Meksika və Cənubi Afrika milliləri üz-üzə gələcək.

Açılış qarşılaşması Meksika paytaxtındakı əfsanəvi "Estadio Azteca" stadionunda keçiriləcək. Bu arena Dünya Çempionatı tarixində üçüncü dəfə açılış matçına ev sahibliyi etməklə yeni rekorda imza atacaq. Meksikalılar doğma azarkeşlər önündə mundiala uğurlu başlamağı hədəfləyirlər.

Maraqlıdır ki, bu komandalar bundan əvvəl də Dünya Çempionatının açılış oyununda qarşılaşıblar. 2010-cu ildə Cənubi Afrikada keçirilən mundialın ilk matçı məhz bu iki kollektiv arasında baş tutmuş və 1:1 hesablı heç-heçə ilə yekunlaşmışdı. 16 ildən sonra tarix yenidən təkrarlanır və futbol dünyası daha bir maraqlı duelə şahidlik etməyə hazırlaşır.

Meksika komandası təcrübəli futbolçulardan formalaşıb. Komandanın əsas ümidləri hücum xəttində Raul Ximenez və Santyaqo Ximenezə bağlanır. Meydan sahibləri qrup mərhələsinə qələbə ilə başlamaq və turnirdə iddialarını ortaya qoymaq niyyətindədirlər.

Cənubi Afrika isə uzun fasilədən sonra yenidən dünya futbolunun ən böyük səhnəsinə qayıdır. Afrika təmsilçisi seçmə mərhələdə uğurlu çıxışı ilə diqqət çəkib və mundiala yüksək motivasiya ilə gəlib. Komandanın liderləri arasında Teboho Mokoena və Layl Foster xüsusi qeyd olunur. Baş məşqçi Huqo Broos komandasının açılış matçına ciddi hazırlaşdığını və Meksikaya qarşı sürpriz etməyə çalışacağını bildirib.

Qarşılaşmadan əvvəl möhtəşəm açılış mərasimi təşkil olunacaq. Mərasimdə dünya şöhrətli ifaçılar Şakira, Börna Boy, Tayla və digər tanınmış sənətçilər çıxış edəcəklər. Beləliklə, futbol və musiqi bir araya gələrək 2026 Dünya Çempionatının ilk gecəsini unudulmaz etməyə çalışacaq.

Qeyd edək ki, Meksika Cənubi Afrika matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Görüşün ədalət təmsilçisi brazilyalı Vilton Sampaio olacaq.

Banner