Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal qazanıb
Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Sportline.az Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançı bürünc medal görüşündə qırğızıstanlı Ulan Uulu ilə qarşılaşıb.
Rəqibinə elə ilk hissədə tam üstünlüklə (9:0) qalib gələn millimizin kapitanı dünya üçüncüsü olub. Beləliklə, karyerasında 7-ci dəfə böyüklər arasında fəxri kürsüyə qalxan (4 qızıl, 3 bürünc) bu göstəricidə Azərbaycan güləşinin yeni rekordçusu olub.
Nihat Məmmədli (60 kq) əlcəzairli Abdelkarim Ferqata tam üstünlüklə (8:0) qalib gəlsə də, 1/4 finalda özbəkistanlı Alişer Qaniyevə 4:8 hesabıyla məğlub olub. Bu görüşdə ciddi zədələnən güləşçimiz yarışdan çəkilib.
Ülvü Qənizadə (72 kq) 1/8 finalda əlcəzairli Abdelmalek Merabetə (6:0), 1/4 finalda isə Cənubi Koreya güləşçisi Yeonqhun Noha (8:3) qalib gəlib. Həmyerlimiz yarımfinalda isə özbəkistanlı Abdulla Aliyevə şans tanımayıb – 5:0. Üçüncü dəfə dünya çempionatının finalına yüksələn Ülvü həlledici qarşılaşmada fransalı İbrahim Qanemlə üz-üzə gələcək.
Murad Əhmədiyev debütdə italiyalı Nikoloz Kaxelaşvilidən (4:1), 1/8 finalda qırğızıstanlı olimpiya mükafatçısı Uzur Cuzupbekovdan (5:1) güclü olub. Güləşçimiz 1/4 finalda ermənistanlı olimpiya, 4 qat dünya və 7 qat Avropa çempionu Artur Aleksanyanla qarşılaşıb. Titullu rəqibinə "tuş"la qalib gələn Murad yarımfinala yüksəlib. Əhmədiyev rusiyalı Artur Sarqsyana ilk xal prinsipinə əsasən (1:1) məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.
Qeyd edək ki, E.Əzizlinin qazandığı medal Azərbaycan üçün beşinci olub. Daha əvvəl sərbəst güləşçilərdən Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq) və Osman Nurmaqomedov (92 kq) isə bürünc mükafata sahib çıxıblar.