Elxan Mübarizlər: "Məqsədimiz narkomaniyaya "yox" deməkdir"
"Kikboksçuların böyük yarışını keçiririk. Burada əsas məqsəd narkomaniyaya "yox" demək və uşaqların, yeniyetmələrin, gənclərin pis vərdişlərdən uzaq olmasıdır".
Sportline.az saytına açıqlama verən, "Mübarizlər" açıq çempionatının təşkilatçısı Elxan Mübarizlər bu turnirin kikboks idman növünə marağın daha da artıracağını bildirib.
"300-dən çox idmançı iştirak edir. 2 gün davam edən yarışda qalib və mükafatçılar martın 12-də bilinəcək. Turnir tam təhlükəsiz şəraitdə keçirilir. Daxili İşlər Nazirliyinin əməkdaşları asayişi qoruyur. Azərbaycanın bütün bölgələrindən klublar yarışa qatılıb. DİN-in İdman Cəmiyyəti, "ZV", "XTQ", "Xocalı", "Mübarizlər", "ASTU", "Qəbələ", "Sumqayıt", "Xaçmaz", "King", "Golden Ring" və digər klubların idmançıları da bu yarışda iştirak edir. Yaradılan şəraitə görə Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyevə təşəkkürümüzü bildiririk".
Qeyd edək ki, yarışı beynəlxalq dərəcəli hakim Fəxrəddin Quliyev, Aydın Ağabəyov, Anara Məmmədov və Elşən İsayev idarə edir.