'Eşidəndə ki, bu yarışda iştirak edəcəyəm, çox sevindim'

İtaliyanın “Unieuro” komandasının üzvü Davide Plebaninin SportLine.az saytına müsahibəsi.

- Yarışa heç də pis başlamadın. İlk mərhələdə finişə 7-ci çatdın. “Unieuro” da sənin nəticənlə komanda hesabında 7-ci yerə sahib çıxdı. İlk gün haqda təəssüratlarını bilmək maraqlı olardı.

- Düzünü desəm, belə gərgin mübarizə gözləmirdim. Komanda olaraq yarışa yaxşı hazırlaşmışıq və əsas favoritlərdən biri, elə öz komandamızı görürəm. Amma ilk mərhələ onu göstərdi ki, “Tour d'Azerbaidjan”da yaxşı velosipedçilər kifayət qədərdir. Finişə az qalmış sürəti artırdım. Təəssüf ki, gücüm 7-ci olmağa yetdi.

- Düşünürsən ki, əsas favoritlərdən biri şərəfini qoruduğun “Unieuro”dur. Bəs əsas rəqibləriniz kimdir?

- İlk mərhələnin qalibi “Bora-Argon 18” güclü heyətə malikdir. Eləcə də, İsveçrənin “Roth” komandasını qeyd etmək istərdim. Biz onlarla başqa yarışlarda da rəqib olmuşuq. “Synery Baku” da kifayət qədər güclüdür. Onların bir üstünlüyü də təşkilatçı ölkəni təmsil etmələridir.

- “Synergy Baku”nun heyətində kimləri qeyd edə bilərsən?

- Maksim Averini çoxdan tanıyıram. Onun beynəlxalq yarışlardakı uğurlarından xəbərdaram. Eləcə də, İoannis Tamuridis ilk mərhələdə çox güclü sprinter olduğunu sübut etdi.

- İlk dəfədir “Tour d'Azerbaidjan”a qatılırsan. Yarışın səviyyəsi səni qane edir?

- Bu yarışı ötən il televiziya vasitəsilə izləmişəm. Eşidəndə ki, mən də bu yarışda iştirak edəcəyəm, çox sevindim. Peşəkar karyeramda belə möhtəşəm yarışda ilk dəfədir çıxış edirəm. Xüsusilə, insanlarınız çox qonaqpərvərdir. Təkcə “Synergy Baku”nu yox, bütün komandaları alqışlarla qarşılayırlar. Bu, çox yaxşı haldır.

- Bakıda ən bəyəndiyin nə oldu?

- Şəhəriniz çox gözəldir və mənim vətənimə - İtaliyaya çox bənzəyir. Xüsusilə, bulvar heyrətamizdir.

- Yarışdan hansı nəticəni gözləyirsən?

- Pis başlamamışıq. “Tour d'Azerbaidjan” elə yarışdır ki, burada son anda qalib dəyişə bilər. Buna görə, sonadək mübarizə aparmaq lazımdır. Ən çətin mərhələlər hələ qabaqdadır. Var gücümüzü ortaya qoya bilsək, nəticələr biz istədiyimiz kimi olacaq.

Vüsal Məmmədzadə
SportLine.az | Velotur
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir