“Əziz Şuşa” beynəlxalq velosiped turnirində komanda sayı azaldılıb
“Əziz Şuşa” beynəlxalq velosiped turnirində komanda sayı azaldılıb.
Sportline.az xəbər verir ki, bu barədə Azərbaycan Velosiped Federasiyasının (AVF) baş katibi Elnarə Musayeva Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı öncəsi keçirilən mətbuat konfransında məlumat verib.
AVF-nin baş katibi bildirib ki, bu, elit kişilər arasında keçiriləcək yarış sayılır. O, iki komandanın turnirdən imtina etdiyini vurğulayıb: “Ruanda və İsveçrə komandası gələ bilmədi. Maliyyə ilə bağlı problemləri olduğu üçün imtina etdilər. Yarış beynəlxalq təqvimə salındığı üçün müəyyən qaydalar tətbiq ediləcək. Məsələn, baş hakimi Beynəlxalq Velosiped İttifaqı təyin edəcək”.
Mətbuat konfransında, həmçinin, yarışın direktoru Roland Hofer, marşrut üzrə direktor Elçin Qəhrəmanov, təhlükəsizlik üzrə menecer Vüqar Salahov, Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Ülviyyə Hacıyeva iştirak ediblər.
Daha sonra çıxış edən yarışın direktoru Roland Hofer dəfələrlə Azərbaycanda olduğunu bildirib: “Bu ölkəni yaxşı tanıyıram. “Əziz Şuşa” beynəlxalq velosiped yarışı böyük tədbirdir. Ümid edirəm ki, bütün komanda iştirakçıları enişli-yoxuşlu yol sayılan yarışın ilk mərhələsini uğurla tamamlayacaqlar. Qəbələ-Şəki mərhələsində sprintin qalib gələcəyini düşünürəm. Turnirə Şuşada yekun vurulacaq. Şuşa yazılan yerə qədər dağa qalxacaq, daha sonra şəhərə enəcəyik. Bu il ilk dəfə sprint yarışçılarına bonus saniyələr verəcəyik. Məncə, qalibi dağ etapları müəyyənləşdirəcək. Yarış yekunlaşdıqdan bir gün sonra artıq növbəti ilin turnirinin planını hazırlamağa başlayacağıq”.
İsveçrəli mütəxəssis hazırda ən yüksək səviyyəli velosipedçilərin turnirə cəlb edilməsinin mümkün olmadığını söyləyib. Ancaq o, gələcəkdə onları dəvət edəcəklərinə inam ifadə edib: “Məncə, indiki kimi daha yaxşıdır. Uzun yolu pillə-pillə qət etmək daha uğurlu olar”.
R.Hofer Azərbaycan millisini yarışın favoritləri sırasında görür: “Çinin “China Glory Cycling Team” komandasının rəhbərliyi ilə söhbətim olub. Onlar bildiriblər ki, çox güclü velosipedçiyə sahibdirlər. Ancaq mən Azərbaycan millisinin və “Sakarya BB Pro Team” komandasının da güclü olduğunu düşünürəm”.
Turnirin marşrut üzrə direktoru Elçin Qəhrəmanov əlavə edib ki, Muğanlı və İsmayıllıya kimi yolda təmir olduğundan, yarışın marşrutunda müəyyən dəyişiklik olub: “Ancaq onlarla daim əlaqə saxlayırıq. Gələn il velosipedçilərin həmin ərazilərdən keçəcəklərinə ümid edirik. Komandaları dəvət edərkən onların məskunlaşmalarına da xüsusi diqqət yetiririk. Eyni zamanda, onların tarixi yerlərdən keçmələrinə çalışırıq”.
Təhlükəsizlik üzrə menecer Vüqar Salahov isə bütün tədbirlərin görüldüyünü söyləyib: “Həm Dövlət Yol Polisi, həm ictimai təhlükəsizliklə birgə çalışırıq. Yolda hansı təhlükəli məqam varsa, hamısını müzakirə etmişik. Təhlükəsizliklə bağlı heç bir problem yoxdur”.
Qeyd edək ki, iyunun 7-11-i aralığında təşkil ediləcək turnirdə dünyanın 14 ölkəsindən 16 komandanın heyətində 100-dən çox velosipedçi mübarizə aparacaq. Yarış Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanmaq imkanı verəcək.