Fikrət Sideifzadə: “İstənilən rəqibə qarşı oynaya bilərik”
Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının 7-ci turunda qadınlardan ibarət əsas komandamız güclü Hindistan yığmasını məğlub edib. Qarşılaşmadan sonra millimizin kapitanı Fikrət Sideifzadə Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinin suallarını cavablandırıb
- 7 turdan sonra komandamızın ümumi çıxışını necə dəyərləndirmək olar?
- Gözləniləndən daha yaxşı oynayırıq. Komandamızın çıxışından çox razı razıyam. 5 şahmatçının hər biri əlindən gələni edir. Bu nəticələr yaxşı mənada bir qədər gözlənilməzdir. Hindistan, Polşa kimi dünyanın ən güclülərindən hesab olunan komandalar üzərində qələbə qazanmışıq. Qarşıda hələ 4 tur var. Ən vacib son 4 oyundur. Qızların hamısı özünü yaxşı tərəfdən göstərir. Hələlik əsas favoritlər - Ukrayna, Rusiya və Çinlə görüşməmişik. Lakin birinci “10-luq”da yer alan komandalardan 5-i ilə qarşılaşmışıq və onların heç birinə uduzmamışıq. İstənilən rəqibə qarşı oynaya bilərik.
- Uğurun sirri nədədir?
- Azərbaycan Şahmat Federasiyası və Gənclər və İdman nazirliyi komanda üçün çox yaxşı hazırlıq təşkil etmişdi. Proqrama əsasən 3 dəfə toplanış keçdik. Gündə 6 saat məşq olurdu. Heyətin düzgün seçilməsi də bəhrəsini verir. Düzülüşdən tam razıyam. İstədiyimiz nəticələri ala bilirik. Heyətdə 2 gənc şahmatçı var. Günay Məmmədzadə və Aydan Höccətova bu ildən komandaya qatılıblar. Heyətdə mütləq yenilənmə olmalıdır. Gənclər böyük qüvvə ilə oynayırlar. Bir sözlə, son 4 turu böyük həyəcanla gözləyirik. İnanırıq ki, qızlar başladıqları kimi də turniri uğurla bitirəcəklər.
- Günay Məmmədzadə və Aydan Höccətovanı qeyd etdiniz. Gənc şahmatçıların heyətdə yer alması risk deyildi ki?
- Bunu risk hesab etmirəm. Son illər onların hər ikisi nəticələri ilə güclü şahmatçı olduqlarını sübut ediblər. Avropa və dünya çempionatlarında uğur qazanıblar, təsadüfi şahmatçı deyillər. Əmsalları da kifayət qədər yüksəkdilər. Onların heyətə daxil edilmələri düzgün və vaxtında verilmiş qərar idi.
- Ölkə çempionu olan Nərmin Kazımovanın dördüncü lövhədə yer alması da bir qədər gözlənilməz oldu.
- Düzdür, o, son ölkə çempionu olsa da, 1 yarışla iş bitmir. Hazırlıq dövründə şahmatçıların son illərdəki çıxışları təhlil etdik. Komanda yarışının öz xüsusiyyətləri var. Həddindən artıq həyəcana düşən idmançı komandaya pis təsir edir. Nərmin kimdənsə zəif deyil. Sadəcə, belə düşündük ki, onun dördüncü lövhədə çıxış etməsi məqsədəuyğundur.
- Ardıcıl güclü komandalarla qarşılaşma şahmatçılarımızda yorğunluq yaratmayıb?
- Yavaş-yavaş yorğunluq hiss olunur. Şübhəsiz, fasiləsiz oynamaq çətindir. Həm də ilk 2 turu nəzərə almasaq, ardıcıl güclü komandalarla qarşılaşmışıq. Hamısı reytinqdə bizdən öndə olan komandalardır. Ümid edirəm ki, şahmatçılarımızın sona qədər mübarizə aparmağa gücləri çatacaq. Gəncdirlər, qüvvələri çoxdur.
- Zeynəb Məmmədyarova birinci lövhədə ümidlərinizi doğruldur?
- Zeynəbə birinci lövhədə yer verəndə bəziləri bu qərara görə məni qınayırdı. Amma o, geridə qalan müddətdə ümidlərimizi doğruldur. Zeynəb ilk lövhədə çox yaxşı oynayır. Xüsusən də komanda yarışlarında. Böyük təcrübəsi var və heç bir rəqibdən qorxmur. Əsas məqsədimiz ilk 2 lövhədə uduzmamaq, son 2 lövhədə isə mümkün qədər çox xal qazanmaqdır. Hələ ki bu taktikamız özünü doğruldur.