Final seriyası "Qolden Steyt"in qələbəsi ilə başladı
Amerika Milli Basketbol Assosiasiyasında final seriyası start götürüb. SportLine.az xəbər verir ki, "Orakl Arena"da keçirilən ilk görüşə "Qolden Steyt Uarriors" ev sahibliyi edib.
Final seriyasının ilk görüşü “Qolden Steyt Uarriors”un üstünlüyü şəraitində keçib. “Klivlend Kavaliers”lə oyunun ilk dəqiqələrindən təşəbbüsə yiyələnən meydan sahibləri yekunda 104-89 hesablı qələbəyə seviniblər.
20 xalla Şaun Livinqston komandasının qələbəsindən əsas pay sahibi olub. “Qolden Steyt”in liderləri Stefen Karri və Kley Tompson isə hərəyə yalnız 11 xal qazanmağı bacarıblar.
26 xalla fərqlənən Kayri İrvinq və 23 xalla LeBron Ceymsin cəhdləri isə “kavalierlər”i məğlubiyyətdən qurtarmağa kifayət etməyib.
Qeyd edək ki, final seriyasının növbəti matçı iyunun 5-dən 6-na keçən gecə yenə “Orakl Arena”da olacaq.