"Lion"un futbolçularını Bastiyada döydülər
Fransa çempionatının 33-cü turunda “Bastiya” - "Lion" matçı yarımçıq dayandırılıb. Sportline.az xəbər verir ki, buna yerli azarkeşlərin qonaq komandanın futbolçularına hücum çəkməsi səbəb olub. Oyunqabağı isinmə hərəkətləri zamanı 50-yə yaxın “Bastiya” azarkeşi meydana daxil olaraq, “Lion” futbolçularına hücum çəksə də, asayiş keşikçilərinin müdaxiləsindən sonra ara sakitləşib. Amma, bastiyalılar bununla kifayətlənməyiblər.
Qolsuz bərabərliklə bitən ilk hissədən sonra meydan yenidən qızışıb. Stadion işçilərindən biri ilə məşq edən “Lion” futbolçusunun sözləşməsi əlbəyaxaya, ardınca isə kütləvi davaya çevrilib. Vəziyyəti belə görən baş hakim Amauri Delerue matçı yarımçıq dayandırmaq qərarına gəlib. Fransa Peşəkar Futbol Liqasının İntizam Komitəsi məsələ ilə bağlı araşdırmaya başlayıb.
Xatırladaq ki, ötən həftə Avropa Liqasının 1/4 final mərhələsinin “Lion” – “Beşiktaş” matçından əvvəl də yerli azarkeşlər meydana axın etmişdilər ki, bu, görüşün 45 dəqiqə gec başlamasına səbəb olmuşdu.