Gələn həftə millinin yeni baş məşqçisi təsdiqlənəcək
Dünya çempionatına mübarizə aparacaq futzal millimizin yeni baş məşqçisinin adı gələn həftə bilinəcək. SportLine.az xəbər verir ki, bunu Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov report.az-a açıqlamasında deyib. "Gələn həftə bu məsələ bitəcək. Məşqçi çoxdur, ancaq səhv addım ata bilmərik. Bu gün bizim milliyə rəhbərlik etmək istəyən mütəxəssislər çoxdur. Üç həftədən çoxdur ki, bu məsələ üçün çalışırıq. Əsas namizədimiz Braziliya və İspaniyadan olan iki mütəxəssisdir. Artıq çempionat başa çatdı və kubokun finalından sonra komandalar istirahətə yollanır. İyunun 15-dən sonra yüngül məşqlərə başlayacağıq. Buna qədər də baş məşqçi və köməkçiləri müəyyənləşəcək. Bundan sonra plan üzrə sparrinq görüşlər keçirməliyik. Bakıdan əlavə xarici ölkədə də toplanış planlaşdırırıq. Düşünürəm ki, iyulun sonunda bir həftəlik toplanış olacaq. Orada 2-3 yoldaşlıq görüşü keçirməyi nəzərdə tuturuq. Bu yarışa çox ciddi hazırlaşmalıyıq. Federasiyada da hamı işini atıb, yalnız komandanın hazırlığına köklənib. Komandada yeni futbolçunun olub-olmaması yeni gələcək baş məşqçidən bağlıdır. Amma düşünürəm ki, dəyişikliklər olacaq. Sentyabrın əvvəlində isə Kolumbiyaya yola düşəcəyik".