Gimnastlarımızdan qızıl və gümüş medallar

Ötən həftəsonu gimnastika növləri üzrə yığma komandalarımızın üzvləri 3 beynəlxalq yarışda iştirak ediblər.

Sportline.az xəbər verir ki, akrobatlarımız Polşanın Varşava şəhərinə, idman gimnastlarımız Türkiyənin Mersin şəhərinə, parkurçularımız isə Bolqarıstan paytaxtı Sofiyaya yollanıblar.

Ağasif Rəhimov və Raziyə Seyidli qarışıq cütlüyü, Nəzrin Fərmanova, Leyla Bəşirova və Mənsumə Məmmədzadədən ibarət qadın qrupu, eləcə də kişi cütlüyü proqramında Murad Rəfiyev və Daniel Abbasov akrobatika gimanstikası üzrə “Wars and Sawa Cup” adlı beynəlxalq turnirdə çıxış ediblər.

13-19 yaş qrupunda iştirak etmiş qadın qrupumuz bütün rəqiblərini üstələyərək, fəxri kürsünün ilk pilləsində yer alıb. Böyüklər arasında yarışan qarışıq cütlüyümüz isə yalnız alman rəqiblərindən geri qalaraq, turnirin 2-cisi olublar.

Mersində təşkil edilmiş idman gimanstikası üzrə dünya kubokunda Azərbaycanı Nikita Simonov və Cavidan Babyev təmsil edib.

Gimnastlardan Nikita halqalarda çıxışına görə finala vəsiqə qazanaraq, həlledici mərhələdə 7-ci yerdə qərarlaşıb.

Ölkəmizdə son dövrlərdə inkişaf etdirilən parkur növünün təmsilçiləri Sofiyada keçirilən dünya kubokunda iştirak ediblər. Bu yarışda Azərbaycanı Mirəli Mirəliyev və Renat Alızadə təmsil edib.