Göyçayda üç güləş zalı istifadəyə verilib

Göyçayda üç güləş zalı istifadəyə verilib.

Sportline.az xəbər verir ki, açılış mərasimində Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Nəsimi Musayev, Göyçay UGİM-in direktoru Namət Şirinov, I-S dərəcəli hakim Asif Şirəliyev, I dərəcəli hakim Natiq Hacıyev, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin nümayəndələri və başqa şəxslər iştirak ediblər.

Göyçay şəhərində həm yunan-Roma, həm də sərbəst güləş üzrə zal fəaliyyətə başlayıb. Hacı Zeynalabdin Tağıyev küçəsində yerləşən yunan-Roma güləşi zalında əməkdar məşqçilər Namət Şirinovla Kamran Baxışov, həmçinin məşqçilər Əkbər Məmmədli və Cəlal Miriyevin rəhbərliyi altında 70 yeniyetmə və gənc məşqlərə cəlb edilib. Heydər Əliyev prospektində yerləşən sərbəst güləş zalında isə məşqçilər Niyazi Əhmədov, Kamran Nuriyev və Coşqun Əsgərlinin rəhbərliyi altında 80 idmançı müntəzəm olaraq təlim-məşq prosesində iştirak edir.

Rayonun Bığır kəndində yerləşən 1 saylı məktəbin idman zalı da güləşçilərin ixtiyarına verilib. Əməkdar məşqçilər Namət Şirinov, Kamran Baxışov, məşqçilər Xamran Seyidov, Əkbər Məmmədli və Cəlal Miriyev yunan-Roma güləşi üzrə məşqlər keçir. Bu idman mərkəzində 130-dan artıq yeniyetmə və gənc güləşin sirrlərinə yiyələnir.

AGF tərəfindən inventarla təmin edilmiş hər 3 güləş zalında məşqlər ödənişsizdir. Bu da regionda kütləviliyi artıran əsas səbəbdir.

Qeyd edək ki, bölgələrdə güləş infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdiriləcək.