Güləşçilərimiz İranda 5 medal qazandılar

Noyabrın 21-də İranın Gürgan şəhərində 15 yaşadək sərbəst güləşçilər arasında "Day of children" turniri keçirilib.

SportLine.az xəbər verir ki, yarışda iştirak edən Azərbaycan yığması 5 medal qazanıb. Komanda yarışında böyük məşqçi Namiq Quliyev və məşqçi Mehman Nəcəfovun rəhbərliyi altında Ruslan Abdullayev (38 kq), Emin Qocayev, Abdul Abdullayev (hər ikisi 41 kq), Mahir Məmmədov (44 kq), Ramik Heybətov, Nurəddin Novruzov (hər ikisi 48 kq), Ağanəzər Novruzov (52 kq), Məhəmmədəli Quliyev (57 kq), Namus Orucov (62 kq), Səttərxan Allahverdili (68 kq), Varis Mehdizadə (75 kq) və Xəlil Allahverdiyevdən (85 kq) ibarət kollektiv çıxış edib.

Yığma qrupda İran-1 komandasına 3:7 hesabıyla uduzubsa, eyni hesabla Ermənistana qalib gəlib. Bu nəticə ilə qrupda 2-ci yeri tutan milli İran-2-ni 7:3 hesabı ilə məğlub edərək bürünc medalın sahibi olub. 

Fərdi birincilikdə Ruslan Abdullayev (38 kq), Ramik Heybətov (48 kq) və Məhəmmədəli Quliyev (57 kq) qızıl, Mahir Məmmədov (44 kq) isə gümüş medala yiyələnib.

Qeyd edək ki, II dərəcəli beynəlxalq hakim Zaur Şərifov ənənəvi yarışda ədaləti qoruyub.