İdmançımız Avropada 9-cu oldu

İtaliyanın Pesaro şəhərində aerobika gimnastikası üzrə Avropa çempionatı start götürüb.

Sportline.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın iki idmançısı mübarizəyə qoşulub.

Kişilərin fərdi yarışında ölkəmizi təmsil edən Vladimir Dolmatov təsnifat mərhələsində 22,500 bal toplayaraq doqquzuncu olub.

Qadınlarda isə Nurcan Cabbarlı 17,100 balla 32-ci sırada qərarlaşıb.

Hər iki mübarizədə finala ilk "səkkizlik"də yer alan gimnastlar yüksəlib.

Bu gün Dilarə Qurbanova gənclərin yarışında qüvvəsini sınayacaq.

Qeyd edək ki, sentyabrın 19-dək davam edəcək qitə çempionatına 22 ölkədən 325 gimnast qatılıb.