İoannis Tamuridis: "Hər mərhələyə qələbə üçün çıxırıq"

"İlk gündə istəyimizə nail ola bilmədik. Hər mərhələyə qələbə üçün çıxırıq. Ümid edirəm, yekunda azarkeşlərimizi sevindirəcəyik". Bu sözləri SportLine.az saytına açıqlamasında "Synergy Baku" komandasının üzvü İoannis Tamuridis deyib.

"Tour d'Azerbaidjan-2016" veloyürüşünün ilk günündə finişi 5-ci keçməklə "Synergy Baku"nun heyətində ən yaxşı nəticəyə imza atan sprinter komanda üzvlərinin çıxışını dəyərləndirib: "Birinci mərhələdə Elçin Əsədov özünü  yaxşı tərəfdən göstərdi. Təəssüf ki, üstünlüyü qoruya bilmədi. Maksim Averin də yarışın favoritlərindəndir və inanıram ki, fəxri kürsüdə onu da görəcəyik. Ümumilikdə komanda kimi çox yaxşı hazırlaşmışıq. İnanıram, əziyyətimizin bəhrəsini görəcəyik".

Bakı-İsmayıllı marşrutunu yarışın ən çətin mərhələsi kimi qiymətləndirən Tamuridis, "Bu günün nəticələrindən çox şey asılıdır. İkinci mərhələni uğurla başa vursaq, işimiz daha rahat olacaq", - deyib.

Xatırladaq ki, iştirakçılar bu gün Bakı-İsmayıllı marşrutu üzrə 186.5 km məsafə qət edəcəklər.

SportLine.az | Velotur
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir