İspaniya Avstriyaya qarşı
Futbol üzrə Dünya çempionatında 1/16 final mərhələsinin oyunları davam edir.
Sportline.az xəbər verir ki, İspaniya millisi bu qarşılaşmanın aşkar favoritidir. Avstriya seçməsinin rəqibə ciddi müqavimət göstərəcəyi şübhə doğurmasa da, qüvvələr nisbəti Qırmızı furiyanın tərəfindədir.
Baxmayaraq ki, ispanların düşərgəsində itkilər var. Niko Ulyams və Yeremi Pino zədə üzündən bugünkü oyunu kənardan izləyəcək.
Baş məşqçi Luis De La Fuente azarkeşləri sevindirməyə çalışacaqlarını bildirib:
"Azarkeşlərin bizdən gözləntilərinin yüksək olması normaldır. Elə biz özümüz də qarşımıza daha böyük hədəflər qoymuşuq. Rəqib də yüksək səviyyəli olanda hər şey çətinləşir. Bununla belə, Avstriyanın aqressiv, mübariz və heç vaxt təslim olmayan ruhuna qarşı tam hazır vəziyyətdəyik. Niko Vilyams zədə səbəbindən bu oyunu buraxacaq. Amma Lamin Yamal tam sağalıb və oynamağa hazırdır. Penaltilər püşk deyil, bir ustalıq işidir və biz komanda olaraq penalti vuruşlarını xüsusi məşq etmişik."
Avstriya millisinin baş məşqçisi Ralf Raqnik rəqibin heyətində bir futbolçunu xüsusi vurğulayıb:
"İspaniyaya qarşı sensasiya etmək üçün ilk növbədə Lamin Yamalı dayandırmalıyıq. Ona geniş sahə və driblinq imkanı verməmək bizim əsas tapşırığımız olacaq. İspaniya 2023-cü ilin martından bəri 34 oyundur məğlub olmur. Bu statistika bird aha rəqibin kimliyindən xəbər verir”.
Qeyd edək ki, İspaniya - Avstriya görüşü bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.