İtaliya millisi dünya çempionu oldu

Polşa və Sloveniyada kişi voleybolçular arasında keçirilən dünya çempionatının qalibi müəyyənləşib.

Sportline.az xəbər verir ki, bu titulu İtaliya milli komandası tarixində 4-cü dəfə qazanıb.

Ferdinando de Corcinin baş məşqçi olduğu kollektivin həlledici görüşdə rəqibi Polşa yığması olub. Katovitse şəhərindəki "Spodek" salonunda təşkil olunmuş qarşılaşmanın ilk setindən meydan sahibləri üstün ayrılıb - 25:22. Lakin sonrakı setlərdə İtaliya millisi 25:21, 25:18 və 25:20 hesablı qələbələr qazanaraq, 24 ildən sonra dünya çempionu olmağı bacarıb. Bu komanda ilk 3 "qızıl"ını 1990, 1994 və 1998-ci illərdə əldə edib.

Bürünc medalı isə 3-cü yer uğrunda görüşdə Sloveniyanı 3:1 (25:18, 25:18, 22:25, 25:18) hesabı ilə yenən Braziliya qazanıb. Cənubi amerikalılar ardıcıl 6-cı mundialın medalını əldə edib.

Qeyd edək ki, dünya çempionatının ən məhsuldar oyunçusu Braziliya yığmasının üzvü Yoandi Leal İdalqo olub. O, 123 xal toplayıb.