“İtaliyada keçiriləcək Avropa çempionatında yaxşı çıxış edəcəyimizə inanıram”
Azərbaycanın yunan-Roma güləşi üzrə U-15 millisinin böyük məşqçisi Əbilfət Məmmədov ölkə çempionatı, ötən ay Serbiyada təşkil olunan Gimnaziadanın nəticələri və qarşıdakı planlardan danışıb.
Sportline.az xəbər verir ki. mütəxəssis Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında Gimnaziadanın nəticələrini qənaətbəxş hesab edib.
O, Azərbaycan çempionatının təxmin etdikləri kimi keçdiyini bildirib:
“Azərbaycan çempionatı gözlədiyimiz kimi keçdi. 10 çəkidən 9-da mütəmadi milli komandanın təlim-məşq prosesində iştirak edən güləşçilər finala yüksəldi. Medal qazanan idmançılar yığmaya cəlb ediliblər”.
O, Serbiyada keçirilmiş Gimnaziadanın nəticələrini dəyərləndirib:
“Serbiyada normal çıxış etdik. Nəticəni qənaətbəxş sayıram. 3 qızıl, 2 gümüş medalımız oldu. Ən əsası 10 uşaqdan 9-u yer tutdu”.
O, İtaliyada baş tutacaq Avropa çempionatına hazırlıqlardan da danışıb:
“Yarışa bir ay qalmış intensiv məşqlərə keçəcəyik. Mayın 26-dan ümumi fiziki hazırlıq üzrə təlim-məşq prosesinə başlayırıq. Qitə birinciliyinə 10 gün qalmış taktiki-texniki çalışmalara üstünlük verəcəyik. Bunların hamısı Bakıda baş tutacaq. Bizimlə yanaşı, Rusiya, Gürcüstan, Türkiyə, Ermənistan və Macarıstan favorit komandalar sayılır. Kimlərdən medal gözlədiyimi və neçə medal qazanacağımızı deyə bilməyəcəyəm. Çünki uşaqların əksəriyyəti üçün ilk böyük yarış olacaq. Belə deyək, birinci addımı atırlar. U-15 ən qəliz yaş qrupudur. Buna görə dəqiq proqnoz vermək olmur. Allahın köməyi ilə yaxşı çıxış edəcəyimizə inanıram”.