"Kənardakıların oğlumun boyu ilə bağlı şit-şit zarafatlar etdiyini eşitmişəm"

"Ailə olaraq həyatımızda ən dəyərli günü yaşayırıq. Pərvin məni, anasını, qardaş-bacısını dünyanın ən xoşbəxti etdi". 

Sportline.az xəbər verir ki, bunu Fanat.Az-a Tokio 2020 Yay Paralimpiya Oyunlarında Azərbaycana ilk medalı qazandıran Pərvin Məmmədovun atası Rasim Məmmədov deyib.

Yarışı göz yaşları içərisində izlədiyini bildirən Paralimpiya mükafatçımızın atası övladının keçdiyi çətin həyat yolundan söz açıb: "Pərvin həyatda çox zülmlər çəkib. Dünyaya gələndən uzun illər xəstəxana yollarında qalıb, iynələrlə, dava-dərmanlarla yaşayıb. Həkimlər mənə yaşamayacaq, boşuna bu uşağa xərc çəkməyin deyirdi. Qazandığı medal Allahın ona yaşadığı əzab-əziyyətlərin qarşılığında bəxş etdiyi mükafatdır. Bəzən kənardakıların onun boyu ilə bağlı şit-şit zarafatlar, lağlağı etdiyini eşitmişəm. Bir ata kimi oğlumla hər zaman fəxr etsəm də, insanların düşüncəsiz davranışı içimi sızladıb. Bu gün isə Pərvin məni dünyanın ən xoşbəxt insanı etdi. Hələ də hər şey yuxu kimi gəlir. Vaxtilə yaşananlar, xəstəxana yollarında ümidsiz, çarəsiz günlərimiz gözümün qarşısında canlanır. Şükür olsun Allaha, şükür olsun hər şeyə".

Xatırladaq ki, pauerliftinq növü üzrə 49 kq çəki dərəcəsində yarışan Pərvin Məmmədov 156 kiloqram çəkini ram edərək, Paralimpiadanın bürünc medalını qazanıb.