Kikboks üzrə "Heydər Əliyev Kuboku" başa çatdı

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş idman tədbirləri davam edir.

Sportline.az xəbər verir ki, daha bir belə yarış kikboks üzrə "Heydər Əliyev Kuboku" olub.

Milli Məclisin Gənclər və İdman Komitəsinin, Heydər Əliyev adına Hərbi İnstitutun və Azərbaycan Kikboksinq Federasiyasının birlikdə təşkil etdiyi möhtəşəm idman tədbirinə böyük maraq olub. Federasiya və institutun rəhbərliyi Heydər Əliyevin abidəsini ziyarət ediblər. Təntənəli açılış mərasimində əvvəlcə parad təşkil olunub. Azərbaycan Respublikasının Dövlət Bayrağı orkestrin müşayiətilə meydana gətirilib.

Daha sonra Ümumilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Ardınca Respublikamızın Dövlət Himni səsləndirilib.

Açılış mərasimində əvvəlcə Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Milli Müdafiə Universitetinin rektoru Heydər Piriyev çıxış edib. Ardınca Milli Məclisin sədr müavini, gənclər və idman komitəsinin sədri, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev itirakçıları salamlayıb. Daha sonra gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev idmançılara uğurlar arzulayıb.

İdman tədbirində həmçinin Gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Kikboksinq Federasiyasının 1-ci vitse-prezidenti Ramal Aslanov, federasiyanın vitse-prezidenti Ədalət Kazımov, millət vəkilləri, generallar, hərbi qulluqçular, şəhid ailələri və digər şəxslər iştirak ediblər. 

Təntənəli açılış mərasimindən sonra yarışa start verilib. Kikboks üzrə “Heydər Əliyev Kuboku”nda 7 çəki dərəcəsində final görüşləri keçirilib. Qala gecəsi maraqlı mübarizə ilə yadda qalıb. Final döyüşlərində Fuad Bayramlı, Əsgər Rəhimov, Nihad Tağızadə, Arzuman Qədimov, Yaqub Ələkbərli, Elşad Şahbazov, Elcan Alkişiyev qələbə qazanraq mükfatlandırılıblar.

Azərbaycan Kikboksinq Federasiyası tərəfindən qarşıdakı müddətdə də Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş idman tədbirlərinin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, yarış İdman TV ilə canlı yayımlanıb.