"Klivlend Kavaliers" intriqanı qorudu
Amerika Milli Basketbol Assosiasiyasında final seriyasının 3-cü matçı keçirilib. SportLine.az xəbər verir ki, “Klivlend Kavaliers” “Qolden Steyt Uarriors”u qəbul edib.
Səfərdə keçirdiyi ilk iki oyunda məğlub olan “Klivlend Kavaliers” doğma meydanda qələbə qazanmaq niyyətində idi. “Qolden Steyt Uarriors”la görüşün ilk dəqiqələrindən təşəbbüsə yiyələnən “kavalierlər” üstünlüyü sonadək qoruyublar – 120:90. Beləliklə, “Klivlend Kavaliers” final seriyasında ilk qələbəsini qazanıb.
LeBron Ceyms 32 xal - 11 ribaundla, Kayri İrvinq isə 30 xalla komandasının qələbəsində əsas pay sahibi olub.
Stefen Karrinin 19 xalı isə “Qolden Steyt”i məğlubiyyətdən qurtarmağa kifayət etməyib.
Qeyd edək ki, final seriyasının növbəti matçı da Klivlenddə keçiriləcək.