"Klivlend Kavaliers"dən möhtəşəm zəfər

Amerika Milli Basketbol Assosiasiyasında mövsümə yekun vurulub. SportLine.az xəbər verir ki, qalib "Orakl Arena"da müəyyənləşib.

Ardıcıl iki oyunda qələbə qazanaraq ümumi vəziyyətə tarazlıq gətirən “Klivlend Kavaliers” həlledici matça da qələbə əzmi ilə çıxıb. Gözlənildiyi kimi, meydan sahibi – “Qolden Steyt Uarriors”la görüş heç də asan mübarizə şəraitində keçməyib. Sonadək qələbə üçün çalışan rəqiblərdən yekunda “kavalierlər” seviniblər – 93:89.

LeBron Ceyms 27 xal, 11 ribaund, 11 məhsuldar ötürmə, Kayri İrvinq isə 26 xalla gecənin ulduzu olub.

32 xal, 15 ribaund, 9 məhsuldar ötürmə ilə fərqlənən Dreymond Qrinin cəhdləri isə "Qolden Steyt Uarriors"a kifayət etməyib.

Beləliklə, 7 oyunluq final seriyasının sonunda 4:3 hesablı qələbə qazanan “Klivlend Kavaliers” mövsümü qalib bitirib.