Kubokun finalında anşlaq gözlənilir

Azərbaycan kuboku turnirinin Naxçıvanda keçiriləcək final matçında anşlaq gözlənilir. Sportline.az xəbər verir ki, bu haqda PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib. Bugünlərdə Naxşıvan şəhərinə səfər edən Şahgəldiyevin sözlərinə görə, oyuna maraq yüksək səviyyədədir və 12 minlik tutumu olan stadionun tam dolacağı şübhə doğurmur. Hazırlıq işlərinə gəldikdə isə, o bildirib ki: "Hər şey qaydasındadır. Stadionda xırda təmir işləri görülür. Onlar da artıq yekunlaşmaq üzrədir". Oyunun keçirilmə vaxtına da aydınlıq gətirilib. Belə ki, stadionun işıqlandırma sistemi əlverişli olmadığından, final matçı gündüz vaxtlarında keçiriləcək. Xatırladaq ki, mayın 5-ə təyin olunan qarşılaşmada "Qarabağ" və "Qəbələ" komandaları üz-üzə gələcək.