Lənkəran şahmatçılarının Həştərxan zəfəri
Azərbaycan şahmatçıları Həştərxan Şahmat Festivalında iştirak ediblər. Lənkəran şahmat məktəbinin direktoru İdrak Dadaşovun SportLine.az saytına verdiyi məlumata görə, artıq 11-ci dəfədir təşkil olunan yarışda Rusiya, Qazaxıstan, İran və Belarusdan olan zəka sahibləri bacarıqlarını göstəriblər.
Azərbaycan bu yarışda Lənkəran şahmat məktəbinin yetirmələri – Hacıəli Əhədzadə, Kənan Əhədzadə və Nəriman Ağayevlə təmsil olunub.
13 yaşadək şahmatçıların mübarizəsində qələbə uğrunda yarışan Hacıəli Əhədzadə 9 oyundan 8 xal toplamaqla bütün rəqiblərini qabaqlayıb. Həmin yaş qrupunda çıxış edən Nəriman Ağayev isə 6.5 xalla 3-cü pilləyə sahib olub.
“B” qrupundakı təmsilçimiz Kənan Əhədzadə isə 8 xalla 2-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Lənkəran şahmat məktəbinin yetirmələri 6-cı dəfədir Həştərxan Şahmat Festivalında çıxış edirlər.
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir