Mahir Məmmədov: “Şahmatçılarımız məsuliyyətlərini yaxşı dərk edirlər”

“Şahmat Olimpiadasına hazırlıqlar yekunlaşıb. Bütün qonaqları qəbul etməyə tam hazırıq”. SportLine.az xəbər verir ki, bu sözləri Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin dierktoru, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov deyib.

42-ci Şahmat Olimpiadası ilə bağlı təşkil olunan mətbuat konfransında texniki məsələlərlə bağlı məlumatlar çatdıran M.Məmmədov yarışda 176 ölkənin iştirak edəcəyini bildirib: “Olimpiada çərçivəsində FİDE-nin növbəti konqresi keçiriləcək. Bunu da nəzərə alsaq, iştirakçı ölkələrin sayı 183-ə çatacaq. Artıq qonaqlar Bakıya gəlməkdədirlər. İştirakçıların viza ilə təmin olunması bizim üçün ən çətin görünən məsələlərdən idi. Ancaq ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə sistem sadələşdirildi. Hazırda qonaqlar bir neçə dəqiqə ərzində sənədləşmə prosesi keçib ölkəyə rahat şəkildə daxil olurlar”.

Yarışların təşkili haqda danışan federasiyanın vitse-prezidenti şahmatçıların kənardan kömək almasının mümkünsüz olduğunu bildirib: “FİDE-nin tövsiyyəsi ilə bu məsələyə xüsusi diqqət ayırmışıq. Yarış zallarına giriş xüsusi yoxlanışdan sonra mümkün olacaq. Bunun üçün təhlükəsizlik əməkdaşlarını da təlimatlandırmışıq. Şahmatçılar saat, qələm, dəftər, telefon və digər elektron cihazlarla zala daxil ola bilməyəcəklər. Hətta tamaşaçıların və digər qonaqların da mobil telefonları alındıqdan sonra zala keçmələrinə icazə veriləcək”.

İdmançıların psixoloji hazırlıqları üçün müəyyən işlər görüldüyünü deyən M.Məmmədov şahmatçılara təzyiq göstərməməyi tövsiyyə edib: “Komanda üzvləri məsuliyyətlərini  dərk edirlər. Əlavə təzyiq yaratmağa ehtiyac yoxdur. Yarışa hazırlıq yüksək səviyyədə keçirilib. Şahmatçılarımızın böyük təcrübəsi var. Ümid edirəm, komandamız Olimpiadanı layiqli nəticə ilə bitirəcək”.

Komandalarımızın şanslarını dəyərləndirən vitse-prezident, “Kişilərdən ibarət komandamızın ilk “3-lük”də qərarlaşmaq imkanı var. Eləcə də, qadınlardan yüksək nəticələr gözləyirik. Onlar həmişə ümidləri doğruldublar. Bu dəfə də yüksək nəticə ilə bizi sevindirəcəklərinə inanıram”, - deyə bildirib.

Vüsal Məmmədzadə
Qambit | SportLine.az
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir