Markus Eybeqer: 'Qələbəmi anama həsr edirəm'
"Tour d'Azerbaijan-2016" beynəlxalq veloyürüşünün qalibi Avstriyanın "Felbermayr" komandasının sprinteri Markus Eybeqerin SportLine.az saytına müsahibəsi.
- "Tour d'Azerbaijan"ın qalibisən. Təəssüratlarını eşitmək maraqlı olardı.
- Təbii ki, sevinirəm. Bu yarışa ciddi hazırlaşmışdıq. Komanda şəklində çox yaxşı çıxış etdik. Son turadək lider idik. Lakin bəzi çatışmazlıqlar sonda bizi komanda hesabında qələbədən məhrum etdi. Sevinirəm ki, şəxsi mübarizədə qalib oldum. Qələbədə əsas pay sahibi isə komanda yoldaşlarımdır. Onların hər birinə təşəkkürümü bildirirəm.
- Qələbəni kimə həsr edirsən?
- Anama... Hər gün mənimlə əlaqə saxlayırdı və televiziya vasitəsilə yarışı canlı izlədiyini deyirdi. Ümumiyyətlə, velosiped idmanında qazandığım uğurlarda anamın dəstəyinin böyük əhəmiyyəti olub.
- Yarışdan sonra təşkil edilən mətbuat konfransında Avropa Velosipedçilər Birliyinin baş katibi Roland Hofer "Tour d'Azerbaijan"ı "Tour d'France"la müqayisə etdi. Sən bu yarışı necə dəyərləndirirsən?
- Peşəkar karyeramda iştirak etdiyim ən möhtəşəm yarış idi. Düzü, belə təşkilatçılıq gözləmirdim. "Tour d'France"da iştirak etməmişəm. Ona görə, Roland Hoferin fikirlərinə münasibət bildirə bilməyəcəyəm. Ancaq gördüyüm odur ki, Azərbaycan belə yarışları ən yüksək səviyyədə keçirməyə çalışır.
- Yarışın hansı mərhələsində daha çox çətinlik çəkdin?
- Mənim üçün ən yadda qalan mərhələ Qəbələ-Şəki-Qəbələ marşrutu idi. Bu turda velosiped sürməkdən zövq aldım. Ən çətin mərhələ isə sonuncu idi. Çünki bütün komandalar qələbə uğrunda var qüvvələrini sərf edirdilər.
- Sənin üçün bu yarışda ən yadda qalan komandalar və sprinterlər hansılar oldu?
- "Tour d'Azerbaijan"da zəif komanda yox idi. Həqiqətən, belə gərgin mübarizəyə ilk dəfədir şahidlik edirdim. Ona görə, hansısa komandaları xüsusi fərqləndirə bilməyəcəyəm. Amma "Synergy Baku", "Nasr Dubai", "Bora Argon" və "Roth" komandalarını hələ uzun müddət xatırlayacağam.
Sprinterlərə gəlincə, komanda yoldaşım Daniel Şorn çox gözəl çıxış etdi. Eləcə də, "Roth" komandasından Alberto Çeççini qeyd etmək istərdim. Onunla çoxdan tanışam və gücünə bələdəm.
Vüsal Məmmədzadə
SportLine.az | Velotur
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir